Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı Səhiyyə Nazirliyində yaradılan xüsusi komissiyanın rəyi açıqlanıb.
Məlumata görə, komissiyanın rəyinə əsasən, əməliyyat zamanı ölən xəstənin vəziyyəti ağır olduğundan əməliyyatına qərar verilib. Əməliyyat zamanı müəyyən narahatlıqlar yaranıb və qanaxma başlayıb. Həkimlər qanaxmanı saxlamağa cəhd etsələr də, nəticəsiz qalıb.
Komissiyanın rəyinə əsasən, əməliyyatı icra edən 81 yaşlı həkim Cəfər Quliyev vəzifəsindən azad olunub, xəstəxananın baş həkimi Rauf Sadıqova isə töhmət verilib.
Məlumata görə, 1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil qızı iyunun 26-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, irinli öd kisəsinin çürüməsi prosesi olan xəstə çox gecikdirildiyindən və həkim öd kisəsinin partlamasından ehtiyat edərək xəstəni təcili əməliyyat edib. Lumu Veyisova xəstəxanaya gətirilən zaman öd kisəsi yolları tamam tutulmuş, qarın boşluğu isə dağılmış vəziyyətdə olub. Əməliyyat zamanı xəstənin öd kisəsi çıxarılıb, damarlar bağlanıb. Öd kisəsinin yatağı təmizlənərkən qanaxma başlayıb. 3 gün xəstəxanada qalan xəstə iyunun 29-da bütün yardımlara və cəhdlərə baxmayaraq, ölüb.
Xəstənin yaxınları Lumu Veyisovanın ölümündə həkimi günahlandırırlar. Onlar iddia edirlər ki, həkim yaşlı olduğu üçün əlləri əsdiyindən xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb. (ans)
İnterpress.az