Nazirliyin mətbuat xidmətindən bildirilib ki, komissiyanın rəyinə əsasən, əməliyyat zamanı ölən xəstənin vəziyyəti ağır olduğundan əməliyyatına qərar verilib. Əməliyyat zamanı müəyyən narahatlıqlar yaranıb və qanaxma başlayıb. Həkimlər qanaxmanı saxlamağa cəhd etsələr də, nəticəsiz qalıb.
Komissiyanın rəyinə əsasən, əməliyyatı icra edən 81 yaşlı həkim Cəfər Quliyev vəzifəsindən azad olunub, xəstəxananın baş həkimi Rauf Sadıqova isə töhmət verilib.
Maraqlıdır ki, Səhiyyə Nazirliyi xəstənin ölümündə həkimi günahkar görmür. Rəsmi qurumun bir açıqlaması açıqlaması digərini təkzib edir.
Belə ki, 81 yaşlı Cəfər Quliyevin hələ də fəaliyyətdə olmasını “Şöhrət” ordeni alması ilə əsaslandırır. O zaman belə bir sual yaranır: əgər xəstənin ölümündə həkim səhvi, səhlənkarlığı yoxdursa, o niyə vəzifəsindən uzaqlaşdırılıb? Baş həkim niyə töhmət alıb?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az saytına deyib ki, təqaüd yaşı tamamlandığından Cəfər Quliyev işindən azad olunub. Həkimin günahı olub-olmamasını isə ekspertiza müəyyən edə bilərdi. Xəstə yaxınları isə ekspertizadan imtina ediblər”.
S.Əhmədova “ekspertiza edilməyibsə, xəstə ölümünün səbəbi bilinmirsə, hansı səbəbdən 81 yaşlı həkim Cəfər Quliyev vəzifəsindən azad olunub, xəstəxananın baş həkimi Rauf Sadıqova isə töhmət verilib” sualına cavabında belə deyib:
“Açıaqlamalarda məntiqsizlik var, yoxdur, bilmirəm. Bildiyim odur ki, Səhiyyə Nazirliyi belə bir qərar verib. Səbəblərini isə mən bilmirəm. Rəy hələ açqılanmayıb”.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil qızı iyunun 26-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, irinli öd kisəsinin çürüməsi prosesi olan xəstə çox gecikdirildiyindən və həkim öd kisəsinin partlamasından ehtiyat edərək xəstəni təcili əməliyyat edib. Lumu Veyisova xəstəxanaya gətirilən zaman öd kisəsi yolları tamam tutulmuş, qarın boşluğu isə dağılmış vəziyyətdə olub. Əməliyyat zamanı xəstənin öd kisəsi çıxarılıb, damarlar bağlanıb. Öd kisəsinin yatağı təmizlənərkən qanaxma başlayıb. 3 gün xəstəxanada qalan xəstə iyunun 29-da bütün yardımlara və cəhdlərə baxmayaraq, ölüb.
Xəstənin yaxınları Lumu Veyisovanın ölümündə həkimi günahlandırırlar. Onlar iddia edirlər ki, həkim yaşlı olduğu üçün əlləri əsdiyindən xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.(apa)
İnterpress.az