Bakının sahilboyu ərazilərində bataqlıqlar yarana bilər-Rəsmibackend

Bakının sahilboyu ərazilərində bataqlıqlar yarana bilər-Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səngəçal qəsəbəsində aparılan monitorinq zamanı isə məlum olub ki, burada formalaşan məişət-fekal tullantı suları 2 axar vasitəsilə təmizlənmədən və zərərsizləşdirilmədən sahil zolağına axıdılaraq gölməçələr və qamışlıq sahələr əmələ gətirir. Bunun nəticəsində ərazidə antisanitar şərait yaranıb”.

İnterpress.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib.

Bülletendə qeyd olunub ki, Qobustan qəsəbəsində keçirilmiş monitorinq zamanı qəsəbədə formalaşan məişət-fekal tullantı suların birbaşa Xəzər dənizinə və sahil xəttinə müxtəlif istiqamətlərdən axıdılması müşahidə edilib: “Qaradağ rayonunun Ələt qəsəbəsində formalaşan məişət-fekal və sənaye tullantı suları Ələt Ağac Emalı kombinatındakı Bioloji Təmizləyici Qurğuda (BTQ) təmizləndikdən sonra Xəzər dənizinə axıdılırdı. Lakin sonralar sözügedən kombinatın fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq, baxımsızlıqdan qəsəbədaxili kanalizasiya xətlərinin əksəriyyəti və qəsəbədə formalaşan tullantı suları qurğuya nəql edən nasosxana sıradan çıxıb. Nəticədə qəsəbədə formalaşan tullantı suları nasosxananın qəza xətti vasitəsilə, fərdi yaşayış evlərindən ibarət olan məhəllələrdə isə pərakəndə şəkildə müxtəlif axarlarla təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır”.

Bülletendə o da qeyd olunub ki, Qaradağ rayonunun Ümid, Səngəçal, Qobustan və Ələt qəsəbələrində kanalizasiya xətləri bərpa edilməzsə, sahilboyu ərazilərdə tullantı su gölməçələrinin artmasına, bataqlıqların əmələ gəlməsinə, eyni zamanda ekoloji vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.

Gülşanə Mustafayeva
İnterpress.az