Bu barədəCəbrayıl rayonundan məcburi köçkün düşmüş Xəyyam Xəlilov məlumat verib.
Vətəndaş bildirib ki, Sulutəpə qəsəbəsində tikdirdiyi evə «Avropa qapıları»ndan 6 ədəd qapı sifariş verib: «Mərkəzi ofisdə qapıların çeşidi ilə tanış olaraq, bəyəndiyim modelin bir ədədi üçün 250 manat pul ödədim (ümumilikdə 1500 manat). Qapılar gətirilib quraşdıralarkən məlum oldu ki, mənə ofisdə təqdim olunan qapılar daha keyfiyyətlidir, nəinki gətirib quraşdırdıqları. Həm qapının ümumi görünüşü, həm üzərinə vurulmuş lak, həm keyfiyyət tamamilə başqadır. Yəni ofisdə təqdim edilən qapılardan deyil, tamam keyfiyyətsiz qapıları gətirib bizə təqdim etdilər.
Bununla bağlı yerindəcə «Avropa qapıları»nın nümayəndəsinə etirazımı bildirdim və sifariş etdiyim qapıların keyfiyyətindən narazılığımı onların diqqətinə çatdırdım. Hətta onların rəsmi nümayəndəsi bildirdi ki, qapılar quraşdırıldıqdan bir neçə gün sonra istədiyiniz keyfiyyətə gəlib çatacaq. Onların sözünə inanmasam da, bir neçə gün gözlədikdən sonra daha bir problemin üzə çıxdığı məlum oldu.
Belə ki, qapıların üzərinə çəkilmiş boya şişməyə başladı». Vətəndaş qeyd edir ki, dəfələrlə bununla bağlı şirkətlə əlaqə saxlayaraq, hətta mərkəzi ofisə gedərək narazılığımı bildirsəm də, qapıları dərhal dəyişdirməyi tələb etsəm də, hər dəfə narahat olmayın deyərək bizi aldadırlar: «Artıq bir aya yaxındır ki, onların nə nümayəndəsi gəlib çıxır, nə də bizim problemi həll edən var.
Dəfələrlə, ofisin 493-33-34, fabrikin 349-34-04, telefonları ilə əlaqə saxlayıb narazılığımızı bildirsək də, hər dəfə bizi aldadırlar». Hətta bu gün narazı sakin şirkətin fabrikinə üz tutaraq orada etiraz əlaməti olaraq özünü yandırmağa cəhd edib. Bunun qarşısını alan şirkətin əməkdaşları növbəti dəfə söz veriblər ki, sabah gəlib qapıları dəyişəcəklər. «Gündəlik Bakı» redaksiyası olaraq məsələni araşdırmaq üçün «Avropa qapıları»nın mərkəzi ofisi ilə dəfələrlə əlaqə saxlasaq da, bizə şirkətin fabrikinə rəhbərlik edən Aqil müəllimlə əlaqə yaratmağı xahiş etdilər. Aqil müəllimin 012-448-24-19, 012-349-04-09, həmçinin 050625-66-66 saylı telefonları ilə əlaqə saxlasaq da zənglərimizə cavab verən olmadı. Vətəndaşın özünü yandırmasına isə münasibət öyrənməyə çalışarkən mərkəzi ofisin 493-33-34 saylı telefonuna cavab verən xanım əməkdaşı həyəcanlı şəkildə «yalan söhbətdir» deyərək, dəstəyi asdı.
Qeyd edək ki, «Avropa qapıları» a.T.S sabiq deputat Baba Tağıyevə məxsusdur. Mövzunu diqqətdə saxlayacağıq. (gundelik-baku)
İnterpress.az