Bu şirkət illərdir şəxsən AzNews.az-ın xəbərlərini “setkası” daha çox mənbəsiz – BİC XƏBƏRlərlə doldurulan “İç xəbər” və digər verilişlərdə öz dədə malı kimi təqdim edir, əməyimizi yağmalayır, plagiatlıqla məşğul olur. Hətta özəl şəkillərimizi belə, loqomuzu kölgələyərək efirə verirlər. Qısacası, həyasız bir durumdur.
Kiməsə zəng edib irad bildirməyi artıq vaxt itkisi hesab edirik, aramızdakı saysız-hesabsız məhkəmə çəkişmələrini, gərginlikləri, ANS-in indiyə qədər gördüyü müsbət işləri nəzərə alıb, səsimizi çıxarmamağa, məsələni ictimailəşdirməməyə çalışırıq. Amma hər şeyin bir əndazəsi var.
Bu əndazə dünən “Növbətçi”də aşıldı. 16:22-də yayımladığımız və bütün mətbuatın bizə istinadla verdiyi Röyanın keçmiş ərinin vəhşicəsinə döyülməsiylə bağlı xəbərimizi aparıcı bir cümlə, bir söz belə dəyişmədən, sadəcə AzNews.az-ın adını çıxarmaqla oxudu.
Həmin süjeti təqdim edirik. ANS rəhbərliyi baxsın və görsün: “vicdan” harada qalıb, “dəqiqlik” harda itib? Özləri görmür, bizdən soruşsunlar: alnınlarına “döyüş” yazılıb, yoxsa “plagiatlıq”?
P.S. ANS bu cümlələrə görə də məhkəməyə müraciət etsə, biz 88-ci dəfə hakim qarşısında görüşəcəyik.
Bu, ANS-in təqdim etdiyi material:
Bu da AzNews.az-ın xəbəri:
Bir neçə gün əvvəl “Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğlu, müğənni Röya Ayxanın keçmiş əri Anar Cəlilov vəhşicəsinə döyülüb.
AzNews.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının məşhur gecə klublarından birində baş verib. Hadisə nəticəsində Anar Cəlilov və onunla birlikdə kluba gələn qardaşı mühafizəçilər tərəfindən şil-küt edilib. Bir neçə nəfər tərəfindən döyülən Anarın sifəti darmadağın edilib. Döyülən şəxslər aldıqları ciddi xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Hadisə ilə bağlı Nəsimi rayon polis idarəsində cinayət işi açılıb. Hadisəni törədən mühafizəçilər saxlanılıblar. Onlar ifadələrində bildiriblər ki, Anarın döyülməsinin səbəbi həddindən artıq sərxoş vəziyyətdə kluba daxil olmaq istəməsi və orada qadınlara qarşı nalayiq ifadələr işlətməsi olub. Guya, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, Anar sakitləşməyib, əksinə mühafizəçilərin üzərinə hücum edib.
Hazırda idarənin istintaq şöbəsində faktla bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı Nəsimi rayon polis idarəsi istintaq prosesi barədə heç bir rəsmi məlumat verməyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də suallardan yayınıb. O, hadisəni dəqiqləşdirmək üçün vaxt istəyib. Lakin dünəndən bu günə qədər edilən çox saylı zənglərdən heç birinə cavab verməyib…
Məsələ ilə bağlı daha ətraflı məlumat verməyə çalışacağıq.
İnterpress.az