Dünən gecə qardaş ölkədə baş verən dövlət çevrilişinə cəhd ürəyi daima Türkiyə ilə döyünən azərbaycanlıları da ciddi narahat etdi. Ziyalılarımız sosial şəbəkələrdə, eləcə də media qrumlarında Türkiyədə baş verən hadisəyə münasibət bildirdilər, həmçinin narahatlıqlarını dilə gətirdilər.
Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Moderator.az-a açıqlamasında qardaş Türkiyədə törədilən çevriliş cəhdinə münasibət bildirib.
T.Rüstəmxanlı bu hadisənin Türkiyə ordusunu zəiflətmək məqsədilə törədildiyini qeyd edib:
“Minlərlə Şəhid vermiş türk əsgəri birdən birə necə oldu ki, çevriliş etməyə qalxdı. Bunu etmək üçün ortada indiki zamanda ciddi bir səbəb yoxdur. Mənim müşahidəm deməyə əsas verir ki, bu əsgərə qurulmuş bir kompledir, əsgəri millətin gözundən salaraq yıpratmaq istəyidir. Hələ bu günlərdə ki, əsgər PKK-ya və digər terror təşkilatlarına qarşı amansız bir şavaş açıb. Görün, bu millətin vətənində güvənli yaşaması üçün bir il ərzində 600-ə yaxın əsgər şəhid olub. Bundan 6-7 il öncə yenə də əsgəri belə bir oyuna gətirərək Erqanakon teror örgütü adı altında nə qədər vətənpərvər general ve zabit vardısa, terorist deyə həbsə atdılar. Sonra da Türkiyəni bölunmə və çözülmə sürəcinə soxdular, PKK-ya qarşı savaşan general və albayların üzünə PKK-a terroristini şahid olarak qoydular və həbsə atdılar. Ordunun daxili boşaldıldı və vətənə, dövlətə silah çəkərək üsyan edən xainlərin önü açıldı”.
Baş verənlərin arxasında Fətullah Gülənin durduğunu ehtimal edən Tənzilə Rüstəmxanlı Azərbaycanın bu hadisədən dərs alması gərəkdiyini vurğulayıb:
“Yenə eyni ssenari işə salınıb, ordunu yıpratmağa çalışırlar. Fətullah Güləni hansı güc idarə edirsə, bu hadisələri də onlar yönəldir. Çünki dövlətin içinə qədər sızmışlar, hadisələrin bu nöqtəyə gəlməsində çözüm sürəcini başladan, gülən adamları ilə qolqola gəzən və dövlətin önəmli məqamlarına türk olmayan xainləri gətirən hökümətində günahı az deyil. Türkiyəni bölərək, Cumhuriyyət rejimini ortanan qaldırmaq istəyənlər əl birliyi ilə bu hadisələrin arxasinda duran və xaricə bağlı güclərdir. Türkiyəni Suriyaya çevirmək istəyirlər. İnşallah türk milləti oynanan bu çirkli oyunları pozar və dövlətinə sahib çıxar. Azərbaycanın da bu hadisələrdən dərs alması gərəkir, çünki bir sürü gülənçilər bizdə də önəmli məqamları tutublar, bir an öncə onların təmizlənməsi gərəkir. Allah Türkiyəmizin yardımçısı olsun, hər əsgəri çevriliş Türkiyəni 50 il geri atar, hələ belə bir hadisə xarici qüvvələrə bağlıysa, ölkənin fəlakəti olar. Allahım Türkiyəni qorusun”.
İnterpress.az