Türkiyədə 5-ci belə hadisədir: “Türkiyədə 1960, 1971, 1980, 1997-ci ildə dövlət çevrilişləri olub. Dünən gecə baş verən hadisə 5-ci hərbi çevrilişə cəhd hadisəsi idi. Belə bir cəhdi də Türkiyə Silahlı Qüvvələrinin bir qrup yüksək rütbəli zabitinin həyata keçirdiyi haqqında məlumatlar var. Onlar hətta Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarı da girov götürmüşdülər. O, artıq xilas edilib.
Bunu İnterpress.az-a millət vəkili Elman Nəsirov şərh edib.
Dövlət çevrilişinə cəhdi həyata keçirən qüvvələr Türkiyə dövlət televiziyasından belə bəyənatın səsləndirilməsinə nail olublar ki, Türkiyədə hökumət, hakimiyyət dəyişilir və bundan sonra demokratik cəmiyyət, dövlət quruculuğu prosesi baş verəcək:
\”Bu hadisəni törədənlərin məqsədi Türkiyədə Ərdoğan hakimiyyətini devirmək və fərqli bir cəmiyyəti, dövlət quruluşunu həyata keçirmək olub. Bununla bağlı artıq Türkiyə rəhbərliyi son dərəcə qətiyyətli addımlar atdı. Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan türk xalqını legitim, demokratik dövlətin, hakimiyyətin müdafiəsinə çağırdı. Hesab edirəm ki, bu hadisə bizə 1995-ci ilin mart ayında Azərbaycanda dövlət çevrilişinə cəhd olarkən ulu öndər Heydər Əliyevin xalqı Prezident Administrasiyası qarşısına çağırmasını xatırlatdı. O zaman da Azərbaycan xalqı ayağa qalxdı, legitim, qanuni hakimiyyəti qorudu, prezident Heydər Əliyevə dəstək verdi. Və Azərbaycan çox böyük bəladan xilas oldu. İndi də cənab Ərdoğan ulu öndərin strateji addımını təkrarladı. Eyni zamanda o da məlum oldu ki, türk xalqı Ərdoğanı sevir və onun ətrafında birlik nümayiş etdirdi. Bütün bunlar nəticə etibarı ilə anti-hökumət qüvvələrinin məğlubiyyətini şərtləndirdi. İndi artıq ən son məlumata görə, 1000-dən artıq üsyançı həbs edilib. Təəssüf ki, bu prosesin nəticəsində xeyli sayda insanın öldüyü və yaralandığı haqqında məlumatlar var. Bunlar hesab edirəm ki, Türkiyə həyatının dönüş nöqtəsi olacaq\”.
Gülşanə Mustafayeva
İnterpress.az