AZAL Türkiyədə qalan sərnişinləri Bakıya gətirdibackend

AZAL Türkiyədə qalan sərnişinləri Bakıya gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Türkiyədə baş verən silahlı çevriliş cəhdi və Atatürk Hava Limanının ələ keçirilməsi barədə xəbər yayıldıqdan sonra İstanbulda qalan azərbaycanlı sərnişinlərin sayının çoxluğunu nəzərə alaraq AZAL-ın göndərdiyi təyyarə artıq geri qayıdıb”. Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, həmin təyyarə ötən gecə saat 23:35 Bakıdan İstanbula doğru hərəkət edib və gecə saatlarında da geri qayıdıb. \”İstirahət günü olduğu və iş başında olmadığım üçün neçə insanın həmin təyyarə ilə geri qayıtdığını deyə bilmərəm. Ancaq dəqiq olan odur ki, bir qrup sərnişin geri qayıda bilib\”.

Mətbuat katibi onu da bildirib ki, baş verən hadisələrdən sonra ləğv edilən və və ləngiyən bütün uçuşlar artıq bu gün səhərdən başlayaraq bərpa edilib: \”Bizim tərəfdən onsuzda heç bir problem yoxdur. Bizə Türkiyə tərəfi nə zaman işləməyə hazır olduğunu bildirsə, biz o vaxt reysləri bərpa edə bilirik. Hazırki vəziyyətə görə uçuşlarda heç bir problem yoxdur\”.

Bu hərbi çevriliş cəhdindən sonra Bakıdan Ankara və İstanbula yola düşməli olan bütün reyslər ləğv edilmişdi. Reyslər ötən gün səhər həyata keçirilməli idi.

Türkiyədə iyul ayının 15-i axşam saatlarında hərbi çevrilişə cəhd edilib. Türkiyənin İstanbul və Ankara şəhərlərində qoşunlar və zirehli texnika küçələrə çıxarılıb. Hətta İstanbulda yerləşən Atatürk Hava Limanının ələ keçirilməsi cəhdi barədə xəbər də yayılmışdı.

Prezidentin çağırışından sonra xalq meydanlara çıxıb və hərbçilərlə toqquşmalar olub. Nəticədə 265 nəfər həyatını itirib. Öldürülən insanların 161 nəfəri mülki şəxsdir, 104 nəfər isə çevrilişə cəhddə iştirak edənlərdir.

Xalqın iradəsi nəticəsində dövlət çevrilişinin qarşısı alınıb. (ans)

İnterpress.az