Bunu iqtisadçı-ekspert Qubad İbadoğlu özünün Facebook səhifəsində yazıb.
Durumun narahatedici olduğunu vurğulayan ekspert xatırladıb ki, dövlət büdcəsinə yanvarda 1 milyard 350 milyon, fevralda isə 1 milyard 33 milyon manat vəsait toplanıb. O qeyd edib ki, büdcə, hələ də, neft gəlirlərindən asılı vəziyyətdədir:
«Bu il Neft Fondundan dövlət büdcəsinə transferin məbləği 7 milyard 615 milyon manat və ya ayda orta hesabla 634.5 milyon manat proqnozlaşdırılıb. Bu isə o deməkdir ki, bu ilin ilk yarısında dövlət büdcəsinə yığılan vəsaitin 62.1 faizini birbaşa Neft Fondundan transferlər təşkil edir. Bundan başqa, il ərzində dövlət büdcəsinə xarici neft şirkətlərindən vergi daxilolmaları 370 milyon manat proqnozlaşdırılıb. Elə təxminən bu qədər də vəsaitin SOCAR-dan daxil olması gözlənilir. Belə olan halda, ilin ilk 6 ayında dövlət büdcəsinin gəlirlərində neftin payı 68 faizdən çox olur. Göründüyü kimi, cari ilin dövlət büdcəsi, hələ də, neft gəlirlərindən formalaşır».
Q.İbadoğlu ilin sonunda büdcədə gərginliyin ola biləcəyini istisna etməyib:
«Rəsmi statistik məlumatlar göstərir ki, dövlət büdcəsinə 6 ayda yığılan 6 milyard 133.8 milyon manatın yarısı son 2 ayda xərclənib. Son 2 ayda büdcə xərcləmələrinin kəskin artmasında «Formula 1» Avropa Qran-pri yarışlarının da rolunun olması şübhə doğurmur. Əvvəlki illərin praktikasından bəllidir ki, ilin ikinci yarısında, xüsusilə də noyabr-dekabr ayında büdcə xərcləmələri çoxalır. Bu gedişlə büdcədə ilin sonuna yaxın gərginlik yaranacağı ehtimal oluna bilər».
Bu il dövlət büdcəsinin gəlirləri 16 milyard 800 milyon, xərcləri isə 18 milyard 500 milyon manat müəyyən edilib.
İnterpress.az