Azərbaycanda suyun ardınca elektrik enerjisinin satış qiymətinin artması cəmiyyətdə müəyyən narazılıqla qarşılanmaqdadır.
Baş verən qiymət artımına münasibət bildirən siyasi müxalifətin bəzi nümayəndələri media və sosial şəbəkələrdə xalqı qiymət artımına qarşı etiraz etməyə, öz narazılığını ortaya qoymağa səsləməkdədir.
Maraqlıdır, müxalifətin yaranmış vəziyyətdən istifadə edərək xalqı etiraza səsləməsi nə dərəcədə doğrudur? Burada hüquqi baxımdan hər hansı qanun pozuntusu möcuddurmu?
Millət vəkili Araz Əlizadə radikal müxalifətin hər zaman hər cür narazılıq və uğursuzluqdan faydalanmağa çalışdığına diqqət çəkdi:
“Burada qanun pozuntusu yoxdur, lakin əxlaqsızlıq elementləri var.
Bizim qəribə radikal müxalifətimiz var. Sabah Allah eləməsin, ermənilər hücuma keçib gəlib Yevlaxa çatsalar, radikal müxalifət üçün bayram olacaq. Necə ki, onlar 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Qarabağda hər bir məğlubiyyətdən hakimiyyətə gəlmək üçün istifadə etməyə çalışırdılar, indi də bu cür şeylərdən istifadə edib hakimiyyətə gəlmək istəyirlər.
Lakin onların arzuları ürəklərində qalacaq. Artıq Azərbaycan oturuşmuş, sabit dövlətdir. Gəda-güdalar bir daha hakimiyyətə gələ bilməyəcəklər”.(moderator.az)
İnterpress.az