Yerevanda qiyamçılar 5 nəfəri girov saxlayırbackend

Yerevanda qiyamçılar 5 nəfəri girov saxlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Ermənistan polis rəisinin 1-ci müavini Unan Poqosyan bildirib. Onun sözlərinə görə, qiyamçıların tələbi dəyişməyib. Onlar həbsdəki müxalifət lideri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

U.Poqosyan deyib ki, hazırda polis bölməsini ələ keçirənlərlə danışıqlar davam etdirilir. Onlara təslim olmaq və silahları dövlətə təhvil vermək təklif olunub.

Unan Poqosyan bildirib ki, problemin sülh yolu ilə həlli üçün vasitələr kifayət etməyə bilər.
Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidməti də vəziyyətlə bağlı bəyanat verib. Bəyanatda silahlı qruplaşma üzvləri ağır nəticələrə səbəb olan cinayət əməllərindən çəkinməyə və silahlı müqaviməti dayandırmağa çağırılıb.

Xatırladaq ki, iyulun 17-də səhər saatlarında bir neçə silahlı şəxs Ermənistan polisinin patrul-post alayının ərazisinə daxil olub və zor tətbiq etməklə oradakı polisləri girov götürüb. Əvvəlcə 6 polisi girov götürən silahlı qrup bu gün səhər bir nəfəri azad edib.

Dəstə həbsdə olan müxalifət lideri Jirayr Sefilyanın azad edilməsini və hökuməti buraxmağı tələb edib. Dəstə ilə atışma zamanı bir polis əməkdaşı ölmüş, 3-ü yaralanmışdı.

Silahlı qrupun başçılarından biri Varujan Avetisyan prezident Serj Sarkisyanın istefası tələbindən də imtina etmədiklərini vurğulayıb.

İnterpress.az