“Sovetski” ətrafında obyektlərin qiyməti qalxacaqbackend

“Sovetski” ətrafında obyektlərin qiyməti qalxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının “Sovetski” kimi tanınan məhəlləsinin söküntülər aparılan ərazisində işlər müvəqqəti olaraq dayandırılıb. Bildirilir ki, bunun səbəbi layihənin icra olunacağı ərazidə daha söküləcək evin qalmamasıdır.

Söküntü aparılan ərazidən kənarda yaşayan sakinlər bildirdilər ki, ötən aylarda ərazidə aparılan qızğın işlər bir neçə gündür ki, yavaşıyıb. Lakin buna baxmayaraq, abadlıq işlərini tamamilə dayanmış saymaq olmaz.

Ərazidə olarkən müşahidə etdik ki, bir zamanlar sahibləri müvafiq şərtlərlə razılaşmayıb köçmək istəməyən qədim tikililərin heç birinin daşı daş üstündə qalmayıb. Onların hər biri sökülüb və ərazi tikinti materiallarından tamamilə təmizlənib. Narazı sakinlər isə verilən kompensasiya ilə razılaşıblar.

Söküntü aparılan ərazi ilə “Sovetski”nin yaşayış olan küçələri arasında xüsusi çəpər çəkilib. Həmin çəpərlərdən sonrakı “Sovetski” olduğu kimi qalır. Orada hər hansı iş aparılmayıb. İnsanlar yenə də orada kiçik mənzillərdə yaşamağa davam edirlər. Layihənin icra olunduğu ərazidən keçməsi nəzərdə tutulan magistral yolların isə artıq kiçik bir hissəsi çəkilib.
Onu da qeyd edək ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə, işlərin birinci mərhələsində 26 hektarda yolların salınması və abadlıq işlərinin görülməsi nəzərdə tutulub. Buraya həmçinin 23 hektar sahədə yaşıllaşdırma və abadlıq, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir. Lakin hələ ki yuxarıda da qeyd etdiyimiz kimi, ərazinin iki tərəfində kiçik ölçüdə yol çəkilişinin aparıldığını və bununla da işlərin dayandığını müşahidə etdik.

Məsələ ilə bağlı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Yeni Müsavat”a bildirdi ki, əslində çəkilən həmin yol, sadəcə, olaraq nümunə xarakteri daşıyır: “İşlərin dayanmasına gəlincə isə bu, belə deyil. Orada görülən işlər birbaşa ölkə rəhbərliyinin nəzarəti əsasında aparılır. Bununla bağlı sərəncam da verilib. Ola bilər ki, müvəqqəti olaraq işlərdə fasilə yaransın. Ancaq ümumilikdə işlər dayanmayıb. Orada çəkiləcək magistral yol hazırda nümunə kimi çəkilən yolun yerində olacaq. Lakin ərazidə ümumilikdə uzunluğu 6 kilometrdən çox olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılacaq. Həmin küçələrə Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov küçələri daxildir. Yenidənqurma işləri çərçivəsində küçələr həm genişləndiriləcək,həm də enli piyada səkiləri inşa ediləcək. Yenidən qurulacaq küçələrdə mühəndis kommunikasiyaları – su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulur”.

Əldə etdiyimiz məlumata görə, “Sovetski”də bütün bu işlər görüldükdən, abadlıq işləri aparıldıqdan sonra oraya yaxın yerləşən obyektlərin, mağazaların qiymət və icarə haqlarında artım olacaq. Eyni hal vaxtilə şəhərin digər yerlərində də müşahidə olunub. Misal üçün, bir zamanlar “Qış bulvarı” ərazisinə yaxın yerləşən obyektlərin qiymətlərində orada park salınıb, abadlıq işləri aparıldıqdan sonra qiymət artımı müşahidə edilmişdi.

İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a bildirdi ki, “Sovetski”də abadlıq işlərinin aparılması oradakı obyektlərin də qiymətinə təsir edəcək: “Doğrudur, hazırda daşınmaz əmlak bazarında durğunluqdur. Lakin orta və uzunmüddətli dövr üçün söyləmək olar ki, orada qiymətlər artacaq. ”Sovetski\”nin əvvəlki ərazisi hər kəsə məlumdur. Orada obyektlərin fəaliyyət imkanları bərbad vəziyyətdə idi. Lakin buna baxmayaraq, şəhərin mərkəzi olması qiymətlərə müsbət mənada təsir edirdi. İndi isə ətraf mühitin normallaşdırılması qiymətlərin daha da artmasına səbəb olacaq\”.

İnterpress.az