Bəyanatda deyilir:
“Nida” vətəndaş hərəkatının üzvü Elgiz Qəhrəman 12 avqust tarixində mülki geyimlilər tərəfindən oğurlanaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Bir neçə gün sonra məlum oldu ki, Nərimanov rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) maddəsinə ilə Elgiz Qəhrəman haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. Elgizin saxta ittihamlar əsasında həbs olunmasının “Nida” üzvü və müxalif mövqeyi ilə əlaqəli olduğuna dair heç bir şübhə yoxdur.
Bundan əlavə, 15 avqust tarixində hökumət mediasında tirajlanan saxta məlumatlarda Elgiz Qəhrəmanın və dolayısı yolla “Nida” vətəndaş hərəkatının Fətullah Gülən və onun hərəkatına bağlılığı barədə yalan və böhtan xarakterli məlumatlar yazılandan sonra Elgiz Qəhrəmanı qarşı olan təqibin siyasi xarakterli olmasına dair şübhələrimiz artmışdı.
Bildirmək istəyirik ki, “Nida” və üzvümüz Elgiz Qəhrəmanın “Gülən” hərəkatı ilə heç bir bağlılığı yoxdur, bu iddia tamamilə uydurma və yalandır. Ehtimal edirik ki, bu iddianın ortaya atılması “Nida” və onun üzvlərinə qarşı yeni repressiya dalğasının başladılması üçün zəmin rolunda istifadə oluna bilər. “Nida” vətəndaş hərəkatı olaraq, Azərbaycan üçün çox problemli və həssas olan hazırki böhran dövründə hakimiyyəti müxalif fikrə qarşı təqib və repressiyalar həyata keçirmək əvəzinə, vətəndaşlarımızın güzəranını yaxşılaşdırmaq üçün həyati əhəmiyyətli islahat və dəyişikliklərə başlamağa çağırır və yalançı ittihamlarla həbs olunmuş bütün siyasi fəalları qeyd-şərtsiz azad olunmasını tələb edirik. Qeyd edək ki, Elgiz Qəhrəman Ankara Universitetinin “Siyasi elmlər” fakultəsini bitirib”.
\”Elgizin həbs edilmə səbəbi siyasi fəaliyyətinə görədir\”
Məsələ ilə bağlı musavat.com-a danışan “Nida”nın İH üzvü Turqut Qəmbər Elgizin həbsinin siyasi qərar olduğunu bildirib: \”Həbslərin qəfil başlaması gözlənilməz oldu. Hakimiyyətin siyasi məhbusları azad etməsindən sonra düşündük ki, yeni həbs dalğası səngiyəcək. Çünki hakimiyyət qərblə münasibətlərini düzəltməyə çalışır, borclanma məsələsi də gündəmdə var. Görünür ki, hakimiyyət üçün ən prioritet məsələ öz rəqibləri ilə mübarizə aparmaqdır. Natiq Cəfərlinin həbsindən bir neçə gün sonra üzvümüz olan Elgiz Qəhrəmanın həbs etdilər. Elgizin həbs edilmə səbəbi siyasi fəaliyyətinə görədir. O, 2015-ci il parlament seçkilərində “Nida” vətəndaş hərəkatının namizədlərindən biri idi.
Elgizin həbsindən bir neçə gün sonra hakimiyyətə yaxın media orqanlarında onun Fətullah Gülən şəbəkəsinin nümayəndəsi olması ilə bağlı yalan və böhtan xarakterli yazıların dərc edilməsi, məsələnin tam olaraq siyasi səbəblərdən olması ehtimallarımızı lap artırdı. Bundan əlavə, Baş Prokurorluq Fətullah Gülənin tərəfdarları ilə bağlı cinayət işi başlanıb. Narahatıq ki, bu bəhanə altında Azərbaycanda həmin hərəkata aidiyyəti olmayan müxalif gənclərin həbs edilməsi, onların təqib edilməsi baş verə bilər.
Biz “Nida” hərəkatı olaraq Elgizi vəkillərlə təmin etmişik. Hazırda onun harada saxlanması ilə bağlı məlumat almağa çalışırıq. Yerli və beynəlxalq təşkilatlar məsələ ilə bağlı məlumatlandırılıblar. Onlara Elgizin siyasi motivdə həbs edildiyini bildirmişik\”.
Elgiz Qəhrəman kimdir?
Qəhrəman Elgiz Camal oğlu 1986-cı ilin noyabr ayının 1-də Yevlax rayonu Havarlı kəndində anadan olub. 2004-cü ildə ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini bitirib.
Bakalavr təhsilini Ankara Üniversiteti siyasi bilimlər fakultəsinin beynəlxalq əlaqələr bölümündə alıb. Paralel olaraq Anadolu Universiteti açıq öyrətim fakultəsi xarici ticarət bölümündə oxuyub. Türkiyədə təhsilini başa vurandan sonra Bakıda riyaziyyat və məntiqdən abituriyentlərə dərs deyirdi.
2004-2013 illərdə Ankarada aktiv şəkildə diaspora işləri ilə məşğul olub. Ankara Universiteti nəzdində fəaliyyət göstərən “Araz” təşkilatının üzvü, daha sonra isə “Türkaz” təşkilatının qurucu üzvü olub. Həmin təşkilatın başqan yardımcısı görəvində çalışıb.
2009-2010-cü illərdə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Tələbə və Məzunlar Birliyi təşkilatının media və ictimai əlaqələr üzrə məsul şəxsi olub. Ankarada olduğu 9 il ərzində bir çox tədbirlərin təşkilatçısı kimi tanınıb.
Bu illər ərzində o, 31 yanvar M.Ə.Rəsulzadənin doğum günü və 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günün bayram törənlərində M. Ə. Rəsulzadəni anma və məzarının ziyarət olunmasını, Xocalı soyqırımının ildönümlərində anım mərasimləri və mitinqlər təşkil edib.
Elgiz Qəhrəman Azərbaycandakı ictimai-siyasi məsələlərə, insan haqlarına, Güney Azərbaycan, Doğu Türküstan türkləri məsələlərinə milli məsələ kimi yanaşıb, mitinq və konfranslarda aktiv şəkildə iştirak edib. Gənc fəal 2015-ci ildən “Nida” vətəndaş hərəkatının üzvüdür və son parlament seçkilərində hərəkatın namizədlərindən biri olub. ( musavat.com )
İnterpress.az