b]İnterpress.az[/b]-ın xəbərinə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) yaydığı məlumatda deyilib.
Məlumatda bildirilib ki, 2016-cı ildə ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiqlənmiş “Epizootik tədbirlər planı”na uyğun olaraq iri və xırdabuynuzlu heyvanlar arasında müvafiq tədbirlər aparılıb, o cümlədən dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib: “Aparılan peyvəndləmədən sonra heyvanlar arasında dabaq xəstəliyinə görə heç bir mürəkkəbləşmə və tələfat halları qeydə alınmayıb. 2016-cı ilin 7 ayı ərzində respublikada 2 dəfə – yanvar və iyun-iyul aylarında dabaq xəstəliyi əleyhinə iri və xırdabuynuzlu heyvanlar arasında peyvəndləmə tədbirləri aparılıb. Bu tədbir ölkə üzrə 4973892 baş iribuynuzlu, 5895483 baş xırdabuynuzlu heyvanı əhatə edib. Həmçinin cari ilin 7 ayı ərzində Bərdə rayonunda 168800 baş iribuynuzlu, 101937 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb”.
Məlumatda qeyd olunub ki, dövlət vəsaiti hesabına tender yolu ilə alınaraq ölkəyə gətirilən, heyvanlara tətbiq edilən bütün vaksinlərin, o cümlədən dabaq xəstəliyi əleyhinə vaksinlər alınan müəssisələr beynəlxalq sertifikatlara malikdir və respublikaya gətirilən peyvənd vasitələrinin hamısının müvafiq beynəlxalq keyfiyyət sertifikatları mövcuddur: “Dövlət Baytarlıq Nəzarəti Xidməti heyvanlara vurulan dabaq vaksinlərinin guya keyfiyyətsiz olması və peyvəndləmədən sonra heyvanların tələf olması ilə əlaqədar yayılmış məlumatların heç bir əsası olmadığını, bu məlumatların sensasiya xarakteri daşıdığını və heç bir fakta söykənmədiyini bildirir. Heyvanların dabaq xəstəliyinə yoluxması və bu xəstəlikdən ölməsi barədə heç bir fakt məlum deyil”.
“Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir və epizootik vəziyyətə nəzarət olunur”, – deyə məlumatda bildirilib.
İnterpress.az