Ermənistanda qanunsuz saxlanılan girovlarımız niyə qaytarılmır?backend

Ermənistanda qanunsuz saxlanılan girovlarımız niyə qaytarılmır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 7-də Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviç 23 avqustda Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb.

Lakin artıq iki ildən çoxdur ki, işğalçı Ermənistan tərəfindən girov götürülərək qanunsuz olaraq Şuşa həbsxanasında saxlanılan həmyerlilərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edilmir.

Girovlarımızın yaxınlarının “Yeni Müsavat”a verdikləri məlumata görə, onlar ermənilər tərəfindən saxlanılan qohumlarının sağlıq durumu barəsində narahatdırlar. Dilqəm Əsgərovun yaxınlarının sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) tərəfindən avqust ayında onlara təqdim olunan görüntülərdə D. Əsgərovun halsız olduğu, xeyli qocaldığı müşahidə olunub. Ancaq onların qaytarılması barəsində heç bir irəliləyiş yoxdur.

Azərbaycan tərəfi saxladığı Ermənistan vətəndaşları ilə girovluqda saxlanılan həmyerlilərimizi dəyişə bilərmi?

Mövzu ilə bağlı “Yeni Müsavat”a Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov danışıb. O bildirib ki, Azərbaycan hökuməti girovlarla bağlı əlindən gələni edir:
“Onların dəyişdirilməsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məşğuldur. Ümumilikdə isə hesab edirəm ki, iki azərbaycanlı orada çox ədalətsiz şəkildə saxlanılır. Öz ata-baba yurdlarını ziyarət etməyə gedən və qanuni olaraq öz torpağında olan insana məhkəmə qurulması beynəlxalq təşkilatları, həmçinin ATƏT-in həmsədr ölkələrini narahat etməlidir. Onlar buna son qoymalıdırlar. Çünki belə davam edərsə, olur ki, hansısa dinc sakin duman və digər bu kimi səbəblərdən yolu səhv salır, onların mübadiləsi çox qəliz olacaq. Buna görə də beynəlxalq təşkilatlar, Avropa Şurası, ATƏT-in digər sturukturları da bu məsələyə öz münasibətlərini bildirməlidirlər. Azərbaycan hökuməti girovlarla bağlı lazım olan addımları atıb. Prezidentlərin görüşündə cənab prezident tərəfindən bu məsələ dəfələrlə qaldırılıb. O cümlədən ATƏT-in həmsədr ölkələri qarşısında da girovlarla bağlı məsələ qaldırılıb. Qafqaz Müsəlmanları İdarəsi də onların dini təşkilatları qarşısında da məsələni qaldırıb ki, bu cür oyun olmaz. Bu cür süni şəkildə qondarma məhkəmə aparmaq mümkün deyil. Bu baxımdan da girovlarımız Azərbaycana qaytarılmalıdır. Onların heç bir günahı yoxdur və heç bir cinayət törətməyiblər. Əksinə, həmin şəxslər cinayətin qurbanına çevriliblər. Neçə ildir ki, ata-baba yurdlarından, qəbiristanlıqlarından, evlərindən bütün hüquqlarından məhrum ediliblər”.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-ci ilin iyulun 11-də doğma torpaqları olan Kəlbəcərdə əzizlərinin məzarlarını ziyarət edərkən girov düşüblər. Onlarla birgə Kəlbəcərə getmiş Həsən Həsənov erməni silahlıları tərəfindən qətlə yetirilib. Ermənistan hökuməti hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər. Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” 2014-cü ilin dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb. (musavat)

İnterpress.az