Yataqxana problemi, eyni zamanda Azərbaycan universitetlərini beynəlxalq reytinqlərdə geriyə salır.
20 minə yaxın tələbəsi olan Bakı Dövlət Universitetinin yataqxanası yoxdur. Ancaq gələcəkdə tələbələr üçün müasir yataqxananın tikilməsi planlaşdırılır.
İnterpress.az \”Xezerxeber\”.com-a istinadən bildirir ki, Azərbaycan Neft və Sənaye Universitetindən isə bildirdilər ki, 6 mindən çox tələbəsi olan universitetin hazırda yataqxanası cəmi 200 nəfər tələbənin yerləşdirilməsinə imkan verir. Təkcə bu iki universitetin yataqxana problemi ümumi mənzərənin nə dərəcədə ciddi olmasından xəbər verir.
Problem o qədər böyükdür ki, nəticədə hər il minlərlə tələbə əziyyət çəkir. Normal şəraitli evin tələbələr üçün bahalı olması onları çətinə salır.
Universitetlərdə dərslərin başlamasına 2 həftədən də az vaxt qalmış yataqxana məsələsi aktuallaşıb. Tələbələr 2016-2017-ci tədris ilində də yataqxana problemləri yaşayacaqlar. Bu hal xarici tələbələrin Azərbaycanda təhsil almağa marağını da azaldır.
Pedaqoq Əjdər Ağayevin fikrincə, yataqxana təkcə sığınacaq deyil, eyni zamanda tələbələrin cəmiyyətdə fərd kimi yetişməsində də böyük rol oynayır.
Ekspertin dediyinə görə, qabaqcıl ali təhsil müəssisələri sırasında olmaq üçün Azərbaycan universitetləri yataqxanada məsələsini də həll etməlidir.
Bir çox ölkədə olduğu kimi, özəl yataqxana ənənəsi də Bakıda yox dərəcəsindədir. Bu fəaliyyətlə ayrı-ayrı şəxslər də məşğul ola bilərlər. Bu həm belə sahibkarlar üçün qazanc yeri, həm də tələbələrin yataqxana probleminin həlli üçün önəmli addım olardı.
İnterpress.az