5 güləşçimiz Avropa çempionatının yarımfinalındabackend

5 güləşçimiz Avropa çempionatının yarımfinalında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib.

İnterpress.az xəbər verir ki, qitə birinciliyində ilk öncə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.

Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində İspaniya təmsilçisi Levan Metreveliylə 7:0 hesabıyla qalib gəlib. Astara güləş məktəbinin yetirməsi daha sonra bolqarıstanlı Mikyay Salim Naimi üstələyib – 9:6. Əliabbas yarımfinalda gürcü Beka Bujiaşviliylə qarşılaşacaq.

Yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq) mübarizəyə 1/4 finaldan qoşulub. Millimizin liderinin bu mərhələdə türk Munir Aktaşı 12:6 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Titullu güləşçimiz final yolunda moldovalı Maksim Sakultanı sınağa çəkəcək.

Zirəddin Bayramov (70 kq) 1/8 finalda macar Daniel Antaldan güclü olub – 10:6. Şəmkir güləş məktəbinin yetirməsi Şimali Makedoniyadan olan Fati Veyselini də xalçadan məyus yola salıb – 9:4. Gənc pəhləvanımız finalın bir addımlığında gürcü Zurabi Yakobişviliylə mübarizə aparacaq.

Əşrəf Aşırov (79 kq) ilk mərhələdə bolqar Miroslav Kirova heç bir şans tanımayıb – 9:0. Həmyerlimiz 1/4 finalda Arman Avaqyana tam üstünlüklə (11:0) qalib gələrək adını yarımfinala yazdırıb. Əşrəfin növbəti rəqibi gürcü Vladimeri Qamkrelidze olacaq.

Maqomedxan Maqomedov (97 kq) AÇ-yə litvalı Lukas Krasauskas üzərində qazandığı inamlı qələbəylə (12:2) start verib. Təmsilçimiz 1/4 finalda Gürcüstanın təcrübəli güləşçisi Elizbar Odikadzeni məğlub edib – 14:7. Maqomedov yarımfinalda polşalı Zbiqniev Mateuş Baranovskiylə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.