Natiq Cəfərlinin azad edilməsi “siyasi açılım”ın anonsudurmu…backend

Natiq Cəfərlinin azad edilməsi “siyasi açılım”ın anonsudurmu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

REAL Hərəkatının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin azad edilməsi ötən həftənin gözlənilməz hadisələrindən oldu. Prokurorluğun təqdimatı ilə iqtisadçı ekspertin azad olunması bir çox məsələləri gündəmə gətirdi.

Ekspertlər hesab edirlər ki, Azərbaycan hakimiyyəti referendum öncəsi siyasi məhbuslarla bağlı bu yollarla açılım edir. Referenduma qədər və ondan sonra həbsdə qalan azsaylı siyasilərin belə qərarlarla azad ediləcəkləri gözlənilir. Ölkə iqtidarının gələn ayda müstəqillik günü ilə bağlı əfv sərəncamı verəcəyi və bununla siyasi məhbus problemini bir yolluq həll edəcəyi də yayılan xəbərlər sırasındadır.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, həbsdə olan siyasi fəalların hamısını siyasi məhbus adlandırmaq doğru deyil: “Bəzən 20-25 gün inzibati həbs cəzası alan şəxsləri də siyasi, yaxud vicdan məhbusu adlandırırlar. Axı bu doğru deyil. Natiq həbs olunmamışdı, sadəcə araşdırma üçün saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilmişdi. Bu müvəqqəti saxlama idi. Natiqi siyasi məhbus saymayaq, ümid edirəm ki, o, həbs olunmayacaq. Onunla bağlı bir qrup hüquq müdafiəçisi prezidentə müraciət etmişdi. Məhkəmənin nəzarətə götürülməsi xahiş edilmişdi. Barələrində məhkəmə hökmü olmayan şəxsləri siyasi məhbus saymaq doğru deyil. Sadəcə bütün məhkəmə prosesləri dərindən araşdırılmalı, xüsusi sənəd hazırlanmalı və bunun əsasında müəyyən edilməlidir ki, nəyə görə həmin şəxslər siyasi məhbus adını alırlar. Natiqin həbsi doğru deyildi. Görünür, bu səbəbdən də o azad edildi. Düşünürəm ki, Natiqin azad edilməsi referendumla bağlı deyildi. Açığı, ümid etmirəm ki, referenduma qədər siyasi məhbuslar hesab olunan şəxslərdən azadlığa çıxanlar olacaq. İlin axırında əfv sərəncamının veriləcəyi ehtimalı daha çoxdur. Qarşıdan müstəqillik günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və digər mühüm bayramlar gəlir. Bunların birində əfv çox güman ki, veriləcək. Bundan əlavə, məhkəmə yolu ilə də azadlığa çıxanlar ola bilər”.

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılmış, daha sonra Nəsimi Rayon Məhkəməsinə aparılaraq, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələri ilə ittiham irəli sürülmüşdü. Sentyabrın 9-da iqtisadçi ekspertin prokurorluğun təqdimatı ilə saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından azad edilib. ( musavat.com )

İnterpress.az