Milli Məclis mühüm qərarlar qəbul etdibackend

Milli Məclis mühüm qərarlar qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vitse-spiker dedi ki, dəyişikliklər korrupsiya haqqında müvafiq dövlət orqanlarına məlumat verilməsi və bu barədə məlumat verən şəxslərin təhlükəsizliyinin qorunması ilə əlaqədardır. “Bu məlumatın konfidensiallığı saxlanılır və yayıla bilməz. Ancaq əgər həmin şəxs istərsə, bu barədə məlumat yayıla bilər” – Z.Əsgərov əlavə etdi. Qanuna edilən dəyişikliklərə əsasən, korrupsiya faktı barədə məlumat verən şəxsin təhlükəsizliyi qorunacaq. Ancaq korrupsiya faktları ilə bağlı məlumat verən şəxsin bu məlumatları özünün şəxsi məqsədləri ilə əlaqədar verdiyi müəyyən olunsa, onda o şəxsin təhlükəsizliyi dövlət tərəfindən müdafiə olunmayacaq.

Deputat Elmira Axundova dedi ki, hazırda insanlar korrupsiya faktı ilə rastlaşdıqda birbaşa Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məlumat vermək hüququna malikdir: “Ancaq dəyişikliklərdən belə aydın olur ki, həmin şəxslər əvvəl struktur bölməyə, qane etməsə, idarəyə müraciət edəcək. Bu da faktlarla bağlı operativ şəkildə tədbir görməyi mümkünsüz edir. Bilmək istəyirəm, bununla bürokratik əngəllər yaranmayacaqmı? Yaxud həmin qurumların rəhbərləri korrupsiya faktlarını ört-basdır etməyəcəkmi?”

Deputat Qüdrət Həsənquliyev dedi ki, qanun layihəsində “müdafiə etməyəcəyik” ifadəsinə ehtiyac yoxdur: “Bir çox orqanlar bu faktların kənara çıxmasına maraqlı olmayacaq. Mən inanmıram ki, müəssisədə aşkar olunan korrupsiya faktları barədə məlumat verən şəxsin kimliyi məxfi qalsın. Ona görə də bununla bağlı maddəyə ehtiyac yoxdur”. Q.Həsənquliyev dedi ki, idarə və müəssisələrdə yeni strukturun yaradılması xərclərin artırılması baxımından mövcud vəziyyətə uyğun deyil.

Deputat Fərəc Quliyev Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prezidentə tabe etdirilməsini zəruri saydı.

Deputat Siyavuş Novruzov dedi ki, dünyanın bir sıra ölkələrində korrupsiya halları ilə bağlı xəbər verməyənlərlə bağlı məsuliyyət nəzərdə tutulur: “Olur ki, bəziləri yalan məlumat verir. Biri icra başçısı, ya idarə, müəssisə rəhbəri ilə yola getmir, yalan məlumat ötürür. Məsuliyyət nəzərdə tutulmalıdır ki, keçmişdəki kimi BMT-dən üzü bəri yazmasınlar. O zaman anonim məktublar yazırdılar ki, kimdənsə nəsə qopartsın. Həm anonimlik məsələsi ortadan qalxmalıdır, həm də məlumat verən şəxsin təhlükəsizliyi tam təmin olunsun. Hətta məsuliyyət məsələsi ağırlaşdırılmalıdır ki, məlumat verən şəxsin təhlükəsizliyi qorunsun”.

Deputat Çingiz Qənizadə ölkə prezidentinin 2012-ci ildə korrupsiyaya qarşı mübarizə istiqamətində ciddi addımlar atıldığını təqdirəlayiq hal adlandırdı. “Mən bu qanunun qəbulunun əleyhinə deyiləm, işləyib-işləməyəcəyini gələcək göstərəcək”-deyən Ç.Qənizadə bəzi məsələlərə aydınlıq gətirilməsini istədi. Dedi ki, verilən məlumat əsasında araşdırma aparan şəxsin hansı ixtisasın sahibi olması önəmlidir: “Həmin şəxs araşdırıb dəqiqləşdirə biləcəkmi ki, bu, rüşvətdir, yoxsa korrupsiyadır”.

Qanun layihəsi barədə sualları cavablandıran Z.Əsgərov dedi ki, qanuna əsasən anonim şikayətlərə baxılmır. Bundan sonra dəyişikliklər təsdiqləndi.

İclasda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişiklik edilməsi müzakirə olundu.

Deputat Fərəc Quliyev tək övladların ya hərbi xidmətdən azad edilməsini, ya da arxa cəbhədə qulluq etməsini təklif etdi. Deputat Tahir Rzayev dedi ki, şəhid ailələrinə qayğı, diqqət ancaq dövlətin vəzifəsi olmamalıdır: “Hər bir imkanlı iş adamı, sahibkar şəhid ailələrinə qayğı göstərməlidir”.

Deputat Tahir Kərimli dövlət müstəqilliyinin 25 illiyi münasibətilə xalqı təbrik etdi. Bildirdi ki, Müstəqillik Aktına səs verən deputat olaraq səsləndirdiyi fikirlərə görə sosial şəbəkələrdə ünvanına çoxsaylı qınaqlar səslənir: “Ən böyük arzumuz odur ki, bütün problemlər həll olunsun və bizə qarşı qınaqlara da son qoyulsun”.

T.Kərimli şəhid ailələrinin durumundan bəhs etdi: “Mən özüm də şəhid dayısıyam, bir bacım oğlu şəhid olub, digər bacım oğlu da müharibə əlilidir, ona görə də vəziyyət mənə yaxşı tanışdır. Elə şəhid ailələri var ki, 18 ildir mənzil növbəsində dayanıb. Bu insanların mənzillə təmin olunması üçün 272 min 550 min manat vəsait lazımdır. Ancaq indiyədək cəmi 40 milyon pul ayrılıb. Bu iş də 2018-ci ildə başa çatmalıdır. Prezidentin sərəncamı yerinə yetirilməyəcək hala düşüb. Demirəm ki, kimlərsə bilə-bilə prezidentin sərəncamını pozur, ola bilsin ki, yaddan çıxıb”.

Deputat Əflatun Amaşov dedi ki, şəhid olan şəxslərə görə ayrılan müavinət çox azdır və bu vəsait artırılmalıdır.

Aydın Mirzəzadə dedi ki, ola bilsin nə vaxtsa şəhid ailələrinə verilən 10 min manatlıq müavinət böyük pul idi, ancaq bu gün bu, elə də böyük vəsait deyil: “Ona görə də şəhid ailələrinə verilən müavinəti 10 dəfə artırıb 100 min manata çatdırmaq lazımdır. Bizim il ərzində şəhidimiz çox olmur. Ona görə də dövlət üçün, müstəqilliyimiz, ərazi bütövlüyümüz üçün canını qoymuş insanlarımıza dəyər verməliyik. Xahiş edirəm həmkarlarımız da bu təklifi dəstəkləsin və hökumət də büdcə müzakirələrinə bu təkliflə gəlsin”.

Adil Əliyev aprel ayında çoxsaylı şəhidlər verdiyimizi, ancaq şəhid ailələrinin heç bir əziyyət çəkmədiyini dedi. Bununla belə, o əlavə etdi ki, şəhidlərə görə verilən müavinətlər narazılıq doğurur. Həmçinin bəzi rayon icra hakimiyyəti rəhbərləri şəhid aillərinə əziyyət verir, hətta onları qəbul etmirlər. Ona görə də şəhid ailələrinə bütün həyatı boyu qayğı göstərilməlidir.
Deputat Sədaqət Vəliyeva da bəzi rəhbər şəxslərin şəhidlərin adının əbədiləşdirilməsi ilə bağlı laqeydlik göstərməsindən danışdı və belə hallara etiraz etdi.

Deputat Musa Qasımlı təklif olunan dəyişiklikləri təqdir etdi və mətbuatda geniş təbliğ olunmasını zəruri saydı.

Deputat Elman Məmmədov bəzi anlaşılmazlığın olduğunu bildirdi: “Belə çıxır ki, şəhid övladı əgər təhsil alırsa, 23 yaşına qədər şəhid övladı statusuna layiq görülür, təhsil almırsa, 18 yaşına qədər bu status verilir. Bu, düzgün deyil, o şəhid balasıdır. Şəhid övladı təkcə dövlət ali məktəblərində yox, bütün təhsil müəssisələrində təhsil haqqından azad olunmalıdır. Bizim bu qanunlara görə artıq şəhid ailəsi statusunu itiriblər, ona görə də həmişə bu ailələr narazıdır”.

Deputat Siyavuş Novruzov müharibə veteranları ilə bağlı dəqiqləşdirmə aparılmasını istədi: “Elələri var, döyüşüb, amma veteran vəsiqəsi ala bilmir, amma eləsi də var ki, heç döyüş bölgəsinə yaxınlaşmayıb, veteran kimi imtiyazlara sahibdir. Bu istiqamətdə dəqiqləşmə olmalıdır ki, hər kəs haqqını ala bilsin”.

Deputat Fuad Muradov Xocalıdan olan, ata-anası olmayan 26 gənclə bağlı gördüyü işlərə görə Heydər Əliyev Fonduna təşəkkür etdi. Əlavə etdi ki, bu gənclərlə bağlı növbəti addımlara, onların statusu ilə bağlı təşəbbüsə ehtiyac var.

Prezidentin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə görə isə Azərbaycanda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyət şərtləri genişləndirilir, dərman vasitələrinin qeydiyyatına nəzarət edən məmurlara məsuliyyət yaradılır və yeni cəzalar tətbiq olunmaqla sanksiyalar sərtləşdiriləcək.

Dəyişiklik layihəsi ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli verərək bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 221-ci (Dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddəsi tamamilə dəyişdirilir, bəndlər əlavə edilir. 1-ci bəndə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” qanuna uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə, inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 5000 manatdan 7000 manata qədər cərimələnəcək.

Maddənin hazırda qüvvədə olan variantında isə bənzər hallara görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə onun dəyərinin səksən faizindən yüz faizinədək məbləğdə cəriməsi nəzərdə tutulurdu. Layihə səsverməyə çıxarılaraq qəbul edildi.
“Bəzi dərmanlar gecə-gündüz reklam olunur. İnsanlar reklamın təsiri altına düşərək bu dərmanlardan mütəmadi istifadə edir. Buna görə də bu və ya digər xəstəliyin müalicəsi ya çətinləşir, ya da ümumiyyətlə, mümkün olmur”. Bunu deputat Gövhər Baxışəliyeva söylədi.

Spiker isə dedi ki, dərman vasitələrinin reklamı reklam haqqında qanunun predmetidir və bu məsələyə gələcəkdə baxmaq olar. O.Əsədov əlavə etdi ki, Milli Məclisdə antidopinq haqqında qanun hazırlanır və yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.

İclasda Azərbaycanda vətənin müdafiəsində şücaət və fədakarlıq göstərməklə fərqlənən şəxslər üçün “Şücaətə görə” medalı da təsis edildi.

“Şücaətə görə” medalının Əsasnaməsinə görə, vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər bu medalla təltif ediləcək. Medalın üzərində “Azərbaycan uğrunda” sözləri həkk edilib. Medal müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif ediləcək.

Elmira Axundova çıxış edərək dedi ki, son zamanlar xoşagəlməz tendensiya əmələ gəlib. “Dövlət himninin, Heydər Əliyevin ”Mən fəxr edirəm ki, azərbaycanlıyam\” sözlərinin zəng əvəzinə telefonlara qoyulmasına şahid oluruq. Həmçinin Heydər Əliyevin şəkli avtomobillərin arxa şüşələrinə vurulur. Çox xahiş edirəm ki, Heydər Əliyevin imzalarını maşının kapot, qapı və şüşəsindən yığışdıraq! Mənim Heydər Əliyevə həmişə böyük hörmətim olub. Onun xatirəsini əziz tuturam. Amma mən nə onun səsini telefonuma yazdıracağam, nə də maşınımın kapotuna imzasını yazacağam. Xahiş edirəm müvafiq orqanlar bu məsələ ilə bağlı ciddi tədbir görsünlər\”-deyə, xanım deputat bildirdi.

YAP-çı deputat Siyavuş Novruzov isə Elmira Axundovanın çıxışına münasibət bildirdi. Mərhum prezident Heydər Əliyevin şəkli və səsi ilə bağlı xanım deputatın dediklərinə reaksiya verən S.Novruzov bunları bildirdi: “Bəli, Azərbaycan milli valyutasının üzərində ümummilli liderin şəkli olmalıdır. Bir çox ölkələrdə, o cümlədən Türkiyədə bu, var. İngiltərə kraliçalarının hər birinin adına pul var və Avstraliyadan Yeni Zelandiyaya qədər işləyir. Düzdür, mən razı deyiləm ki, Heydər Əliyevin şəklini kimsə maşınının kapotuna vursun. Amma kimsə sinəsində, ürəyinin başında gəzdirmək istəyirsə, ona heç kim qadağa qoya bilməz. Ümummilli liderin adı hər yerdə olmalıdır”.

İnterpress.az