Ümumiyyətlə orijinal ətirlər şəffaf olmalı, onları çalxalayanda köpük əmələ gəlməməlidir. Orijinal ətirlərin qoxusunun qalıcılıq müddəti 60 saatdan az olmur. Tərkiblərindəki etil sipirti 85%, efir yağları isə 18-30% təşkil edir.
Bəs görəsən Bakıda fəaliyyət göstərən bu dükanlar qiymətləri ətirlərin keyfiyyətinə görə seçirlər?
İnterpress.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, azad bazar iqtisadiyyatı inkişaf etdikcə bu seqmentlərdəki mənfi hallar əvvəlki illərə nisbətən artaraq pisə doğru dəyişib. Onun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən brend mağazalarda da ən saxta ətirlərə rast gəlmək mümkündür.
“Əhali bilməlidir ki, ərzaq məhsulları kimi ətirlərin də istifadəyə yararlılıq müddəti olur. Və müştərilər belə göstəriciləri uyğun olmayan ətirləri almaqdan imtina etməlidirlər. Saxta, vaxtı bitmiş məhsulların satılması hazırda brend dükanlarda daha çox baş verir.
Məsələn bu yaxınlarda Sabina parfümeriya və kosmetika mağazalar şəbəkəsindən şikayət daxil olmuşdu. Deməli, bu şirkət vətəndaşa krem satıb və müştəri də məhsulu alandan sonra müəyyən kodlarla axtarış verərək baxıb ki, onun vaxtı may ayında artıq bitib”.
Eyyub Hüseynov hazırda bazarın parfümeriya malları seqmentini ən çirklənmiş seqmentlərdən biri kimi qiymətləndirib. O qeyd edib ki, Azad İstehlakçılar Birliyi sözügedən seqmentdə araşdırmalar aparılmalı və vaxtı keçmiş ətirlərin, parfumeriya və kosmetika məhsullarının Azərbaycana gətirilməsinə müvafiq orqanlar tərəfindən ciddi nəzarət olunmalıdır.
“Təəssüflər olsun ki, hazırki brend mağazalar da bunda maraqlı deyillər. Ona görə ki, nəticə olaraq, onlar özləri də saxta məhsul gətirib satırlar. Bu sahədə böyük problemlər yaşanır. Ümumiyyətcə isə bunun qarşısını almaq üçün İqisadiyyat Nazirliyi və Gömrük orqanları bəzi tədbirlər görməlidirlər”.
İnterpress.az