Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O, neqativ hallara dərhal reaksiya verilməsi və aradan qaldırılması üçün ictimaiyyətin bütün təbəqələrini əməkdaşlığa çağırıb: “Beynəlxalq qurumlar da prosesi müşahidə etməli, nəyin düz, nəyin səhv olduğunu özləri qeyd etməlidirlər. Beynəlxalq müşahidəçi hansısa pozuntu halını eşidə bilər, ancaq bildirməlidir ki, bunu yalnız eşidib, görməyib”.
M. Pənahov qeyd edib ki, seçkinin nəticələrinin şübhə doğurmaması üçün seçki komissiyaları ilə əməkdaşlıq edilməlidir: “Mən beynəlxalq qurumlara rəsmi məktub da yazdım. Araşdırmaq üçün beynəlxalq müşahidəçilər tərəfindən konkret faktlar təqdim olunmalıdır, çünki ümumi şəkildə deyilənlərin əhəmiyyəti olmur. Beynəlxalq qurumları tənqid etməkdən daha çox əməkdaşlıq etməyə çalışırıq. Beynəlxalq müşahidəçilər konkret tələblərə cavab verməlidirlər. Onları media təmsilçilərinin iştirakı ilə pozuntu hallarını təqdim etməyə çağırıram. Seçki pozuntuları Qərb ölkələrində də olur, ancaq yanaşma gərək ədalət çərçivəsində olsun. Yalnız gördükləri seçki hərəkətləri barədə fikir bildirməlidirlər. Bir məsələni də ilk dəfə deyim. Biz anonim xarakterli müraciətləri də araşdırmışıq, əslində belə müraciətlərə seçki qanunvericiliyinə görə baxılmamalıdır. Müşahidə ilə bağlı tələblərə cavab verməyən müraciət anonimdir, araşdırılmamalıdır. Lakin biz həmişə beynəlxalq qurumlara hörmətdə yanaşmışıq və bu müraciətlərdə yer alan məqamları araşdırmışıq”. (apa)
İnterpress.az