İnterpress.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimlərə 65 000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.
Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçan aparatlardan istifadə olunacaq.
Komanda Qərargah Hərbi Oyunlarında qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi, eləcə də düşmənin mühasirəyə alınması və darmadağın edilməsi üzrə tapşırıqlar icra olunacaq.
Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 6000 nəfərdən artıq hərbi vəzifəli təlim toplanışına cəlb ediləcək.
Döyüş hazırlığı çərçivəsində onlarla silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçiriləcək.
Komanda Qərargah Hərbi Oyunlarının son mərhələsində təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunacaq, praktiki raket buraxılışları və bombalama həyata keçiriləcək.
İnterpress.az