Deyilənlərə görə, ölkəmizdə səfərbərlik elan olunub, amma bu, əhali arasında təşviş yaratmamaq üçün açıqlanmır. Səfərbərliklə bağlı olaraq, dünən gecə Bakının bir çox yerlərində gənclərin saxlanılaraq komissarlıqlara aparıldığı və bunun da gərginliyə səbəb olduğu, aparılanların bir qismindən isə pul alınaraq buraxıldığı yayılan məlumatlar sırasındadır. Bildirilir ki, gənclərin hərbi xidməti başa vurduğu vaxt nəzərə alınmadan bu proses həyata keçirilir. Bu da, əhali arasında müharibənin başlaması ilə bağlı fikirlər yaradır.
Məsələnin dəqiqliyini öyrənmək, yayılan informasiyaların kökündə dayanan səbəbləri öyrənmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdik.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, kapitan Nurəddin Heydərov AzNews.az-a açıqlamasında bildirib ki, həqiqi hərbi xidməti başa vurmuş gənclərin yenidən əsgərliyə çağırılması haqda yayılan məlumatlar yalandır: “Ehtiyatda olan hərbi qulluqçuların və hərbi vəzifəlilərin orduya cəlb olunması yalnız Müdafiə Nazirliyinin həyata keçirdiyi təlimlərlə bağlıdır. Yəni bunlar səfərbərlik tapşırıqlarını yerinə yetirilməsi vəziyyətini yoxlanılması məqsədilə aparılır. Burda nəsə axtarmaq lazım deyil. Hərbi vəzifəlilər təlimlərdə iştirak etmək üçün xidmətin yerli idarəetmə şöbələri tərəfindən cəlb olunur. Əgər bir əsgər hərbi xidmətdən qayıdıbsa, o ximətini başa vurduqdan sonra artıq ehtiyatda olan hərbi vəzifəli olur. Onun necə ay və ya il bundan əvvəl xidmətdə olmağının heç bir fərqi yoxdur. Bu 1 ay, 2 il və ya 5 il də ola bilər. O, bütövlükdə xidmət üçün resursdur. Yəni hərbi vəzifəlidir. Həmin şəxs xidmət tərəfindən 1 və ya 5 ay sonra da çağırıla bilər. Bunun elə də fərqi yoxdur. Bu əsgərlik deyil. Yalnız təlimlərdir. Onlar hər an istənilən hərbi vəzifəlilərin səfərbərlik tapşırığı ilə bağlı çağırışa hazır olmalıdır. Bu, qanunvericlikdə də öz əksini tapıb. Hər bir şəxs hərbi xidmətdən qayıtdıqdan sonra bizim idarə şöbələrində həmin keçmiş əsgərlərə (indiki hərbi vəzifəlilərə) izah olnur ki, səfərbərlik tapşırıqları ilə bağlı istənilən vaxt çağrıla bilərlər. Bütün bunların hamısı onlara izah olnur. Ola bilər ki, kimsə diqqətsiz olub və ya deyilənləri unudub. Bu sırf qanunverciliyin çərcivəsində atılan addımlardır”.
Nurəddin Heydərov hərbi vəzifəlilərə deyilmədən onların təlimlərə çağırılmasının mümkünsüz olduğunu qeyd edib: “Bu, sadəcə bir çağırışdır. Səfərbərlik sərəncamına uyğun olaraq hərbi vəzifələrə məlumat göndərilib xəbər çatdırılır ki, onlar qeydiyyatda olduqları yerli şöbə və idarə bölmələrinə gəlsinlər. Uyğun olaraqda onlar təlimlərə cəlb olunur”.
Müdafiə Naziliyindən verilən məlumata görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi planı əsasında sentyabrın 6-da start götürən və müdafiə naziri Zakir Həsənovun rəhbərliyi altında Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə keçirilən Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədar olaraq başlanan təlimlər sentaybrın 13-dək davam edəcək.
Qeyd edək ki, təlimlərdə 65 min nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib. Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 6 min nəfərdən artıq hərbi vəzifəli təlim toplanışına cəlb ediləcək. Amma təlimlərlə əlaqədar olaraq ölkə ərazisində səfərbərlik elan olunmayıb.
İnterpress.az