Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Mətbuat katibi bildirib ki, bəzi dairələr tərəfindən insan hüquqları məsələsi seçimli əsasda istismar olunur və məhdud siyasi məqsədlər üçün istifadə edilir: “Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq insanın hüquqlarının müdafiəsi barəsində vəzifə mandatına uyğun olaraq BMT-nin insan hüquqları üzrə ali komissarı tərəfindən mövqe nümayiş etdirilmədiyi halda, ölkəmizdə məhkəmə qərarı ilə təsbit olunmuş fərdi cinayət əməllərinə siyasi müdaxilə cəhdləri qərəzli münasibətdən başqa bir şey deyil. Eyni zamanda münaqişələr nəticəsində yüz minlərlə insanın öz daimi yaşayış yerlərini tərk etmələri və bu əsasda özünü göstərən kütləvi miqrant problemi II Dünya müharibəsindən sonra Avropanın üzləşdiyi ən böyük humanitar fəlakət olaraq kollektiv məsuliyyət tələb etdiyi halda, bəzi insan hüquqları müdafiəçisi olan təsisatların susqunluğu və fəaliyyətsizliyi özünü göstərir. Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq səviyyədə tərəfdar çıxdığı öhdəlikləri əsasında ölkəmizdə qanunun aliliyi, fundamental hüquq və azadlıqların, o cümlədən mətbuatın azadlığı tam şəkildə təmin olunub. Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin qorunması dövlətimizin ali məqsədidir”.
Qeyd edək ki, BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn bəyanat yayaraq Azərbaycanda vətəndaş cəmiyyətinin və fikir azadlığının təqib olunduğunu bildirib.
İnterpress.az