Vida mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mərhumun sənət dostları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nazir Əbülfəs Qarayev vida mərasimində bildirib ki, H. Əliyevin simasında Azərbaycan mədəniyyəti böyük musiqi xadimini itirib.
Nazir Habil Əliyevin özünə məxsus ifaları ilə Azərbaycan musiqisində yeni səhifə açdığını diqqətə çatdırıb: “Habil müəllim öz ifaları ilə Azərbaycan musiqisini zənginləşdirib. Habil Əliyev öz peşəsinə fədakarcasına bağlı olan böyük sənətkar idi. O, Azərbaycan musiqisini dünyanın müxtəlif ölkələrində təbliğ edib. Prezident İlham Əliyev Habil Əliyevin vida mərasiminin ən yüksək səviyyədə keçirilməsi üçün tapşırıq verib. Habil Əliyevin xatirəsi onu tanıyanların, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Allah rəhmət eləsin”.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Habil Əliyevin Azərbaycan ifaçılıq sənətinə gətirdiyi yeniliklərdən danışıb, onu böyük sənətkar kimi dəyərləndirib: “Xalqımız ona Habil Kamal deyirdi. Bu, xalqın ona sevgisi idi. Habil Əliyev kamançanı müşayiət edən alətdən solo alətə çevirdi. Eşitmədiyimiz səsləri, ən gözəl tembrləri bizə göstərdi. İnanıram ki, Habilin gözəl sənəti həmişə bizimlə olacaq və biz ondan hər zaman qidalanacağıq\”.
Xalq artistləri Siyavuş Kərimi, Canəli Əkbərov, Arif Babayev və başqaları da Habil Əliyev haqqında xatirələrini danışıb, onun Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini qeyd ediblər.
Ailəsi adından çıxış edən nəvəsi Əli Əmirəliyev vida mərasimində iştirak edənlərə təşəkkürünü bildirib.
H. Əliyev I Fəxri xiyabanda dəfn olunub.
İnterpress.az