AXCP-nin daha bir fəal gənci, Ali Məclisin üzvü Ruslan Nəsirli Əli Kərimlinin sədrliyindən imtina edərək, Razi Nurullayevin rəhbərlik etdiyi Etimad Qurultayı Təşkilat Komitəsinə qoşulduğunu bəyan edib.
Ruslan Nəsirlinin İnterpress.az-a təqdim etdiyi bəyanatında deyilir: “Mən 2013-cü ildən AXCP Gənclər Komitəsinin üzvü olmuşam. Prezident seçkilərindən sonra AXCP Gənclər Komitəsinin ümumrespublika konfransında Ali Məclisə üzv seçilmişəm. Daha sonra fəaliyyətimizi mənim də təhsil aldığım Azərbaycan Texniki Universitetində davam etdirərək, çox keçmədən Bakı Dövlət Universitetinin gənclər təşkilatı ilə birləşdik. Hazırda 60-a yaxın üzvümüz var ki, onların da sədr əvəzi mənəm.
2014-cü ilin yanvarından başlayaraq mən partiyadaxili fəaliyyətimi daha da aktivləşdirərək Rəyasət Heyətinə bir çox layihələr təqdim etdim. Lakin layihələrə çox soyuq yanaşıldı, rəhbərlikdən heç bir reaksiya gəlmədi. Ruhdan düşməyərək fəaliyyətimi davam etdirdim, internet üzərində, real təşkilatçılıq sahəsində fəaliyyətimi genişləndirdim. Bunun qarşılığında isə rəhbərlikdən yalnız qısqanclıq gördüm”.
Ruslan Nəsirli bəyanatında maraqlı məqama da toxunub: “Bir məsələni də diqqətinizə çatdırımaq istəyirəm. Kimsə partiyanın Ali Məclisinin sədri Həsən Kərimovu gecə saatlarında sosial şəbəkələrdə aktiv görə bilməz. Lakin bir gecə biz qərargahda qalmağa qərar verdik, gecə 3-4 radələrində qərargah partladıldı, bundan bir neçə dəqiqə sonra isə Həsən bəy “facebook”da “online” göründü. Mən dərhal ona bu barədə məlumat verdim. Əvvəllər buna təsadüf kimi baxırdım, lakin sonralar Həsən bəyin partiya daxilində gənclərə münasibətini görəndən sonra hər şey mənə aydın oldu”.
Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı barədə də fikirlərini bölüşən gənc fəal onun hakimiyyət qarşısında öhdəlik götürdüyünü vurğulayıb: “Fuad Qəhrəmanlı hakimiyyət daxilindəki Naxçıvan klanına birbaşa bağlıdır. Onun hakimiyyət qarşısında böyük öhdəlikləri var. Partiya rəhbərliyini ələ keçirmək istəsə də, Əbülfəz Qurbanlı buna mane oldu. Sonralar onlar Əbülfəz Qurbanlını da neytrallaşdırdılar, psixoloji təzyiq göstərdilər”.
Əbülfəz Qurbanlı ilə birgə fəaliyyətinin də məhz partiya daxilində əngəlləndiyini deyən Ruslan Nəsirli Gəncədə inkişaf qrupu yaradıldığını misal gətirib: “28 günə 40-50 üzv toplamışdıq. Planlaşdırmışdıq ki, Gəncəyə gedək, lakin həmin gün Həsən Kərimov bizim Gəncəyə gedib təşkilat şöbəsi qurmağımıza dair şəkillər yaydı. Bu işə əziyyət çəkən bütün gənclər kimi Əbülfəz Qurbanlını da hiddətləndirdi və partiyadan getməyə qərar verdi. Əbülfəz Qurbanlı getdikdən sonra Ruslan Nəsirli olaraq bu partiyada qala bilməyəcəyimi qət etdim. Baxmayaraq ki, iki dəfə həbsdə olmuşam, partiyaya xidmətlərim olub, indiyə qədər Əli Kərimlinin geniş təbliğatını aparmışam. Lakin görürəm ki, bütün bunlar heç bir əhəmiyyət kəsb etmir. Partiya daxilində avtoritar rejim davam edir, gənclərin qarşısı kəsilir. Hesab edirəm ki, azad düşüncəli, öz gələcək siyasi karyerasını qurmaq istəyən gənclər o partiyada, Əli Kərimlinin, Fuad Qəhrəmanlının, Həsən Kərimovun yanında olmamalıdırlar”.
Bütün bunları əsas gətirən gənc fəal bu gündən etibarən AXCP-də Əli Kərimlinin sədrliyini qəbul etməyərək, yenicə yaranmış və çox böyük ümid bəslədiyi AXCP Etimad Qurultayı Dəstək Komitəsinə üzv olmaq üçün komitənin sədri Razi Nurullayevə müraciət edib.
İnterpress.az