Bununla da Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF), “Elit Atçılıq və Polo” klubunun və “World Polo”nun birgə təşkilatçılığı ilə Beynəlxalq Polo Federasiyası (BPF) tərəfindən Binə Atçılıq Mərkəzində keçirilən arena polo üzrə birinci Avropa çempionatına yekun vurulub.
Çempionatın sonuncu günündə final qarşılaşmasından əvvəl beşinci və üçüncü yer uğrunda oyunlar da keçirilib.
Əvvəlcə Azərbaycan atlarının paradı olub. At belində meydana daxil olan milli geyimli çaparlar Azərbaycan Respublikasının bayrağını arenaya gətiriblər.
Mərasimdə çıxış edən ARAF-ın prezidenti Elçin Quliyev ölkəmizdə ilk dəfə keçirilən arena polo üzrə Avropa çempionatının iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin idman qüdrətinin möhkəmlənməsinə, o cümlədən atçılıq idmanının inkişafına, “Qarabağ” və “Dilbaz” milli at cinslərinin bərpasına və əvvəlki şöhrətinin qaytarılmasına diqqət və qayğı göstərir. Turnir ölkəmizdə atçılıq idmanının və polonun inkişafı baxımdan xüsusilə önəmli və əlamətdardır. Azərbaycanda ilk dəfə keçirilən bu yüksək səviyyəli turnirin iştirakçıları və qonaqları ölkəmizin mədəniyyəti, qədim dövrlərdə atüstü oyunların yarandığı və inkişaf etdiyi “Odlar Yurdu”nun atçılıq ənənələri ilə tanış olublar.
Azərbaycanın polonun qədim növü olan çövkənin və “Qarabağ” atçılıq oyununun yarandığı ölkə olduğunu vurğulayan Elçin Quliyev qeyd edib ki, ölkəmizdə polonun inkişafı ARAF-ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Turnir həm də ARAF-a təşkilatçılıq təcrübəsi qazandırıb, çaparlarımızda ən yüksək idman zirvələrini fəth etməyə inam yaradıb. Bunun nəticəsidir ki, Azərbaycanı təmsil edən yığma komandamız Avropa birinciliyi kimi mötəbər idman turnirinin finalınadək yüksəlib. Bununla da Azərbaycan atçılıq tarixinə daha bir uğur səhifəsi yazmağa müvəffəq olub.
Sonra oyunlara start verilib. Günün ilk qarşılaşmasında meydana çıxan İtaliya komandası İsveçrə seçməsini 7:5 hesabı ilə məğlub edərək Avropa çempionatında beşinci yerə sahib olub. İkinci görüşdə İrlandiya poloçuları İspaniya kollektivindən üstün olaraq turnirdə üçüncülüyə yiyələniblər.
Çempionatın final görüşündə Elçin Camallı, Tərlan Qurbanəliyev və Silvester Qarrosdan ibarət Azərbaycan millisi yarışın birincisi olmaq uğrunda Almaniya yığması ilə qarşılaşıb. Qarşılıqlı hücumlar və gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Azərbaycan poloçuları rəqibləri üzərində 6:5 hesabı ilə qələbə qazanaraq Avropa çempionu adına sahib olublar. Ümumilikdə Azərbaycan yığması çempionatda keçirdiyi 6 oyunun hamısını qələbə ilə başa vuraraq böyük uğura imza atıb.
Azərbaycan seçməsinin üzvü Silvester Qarros isə yarışın ən məhsuldar oyunçusu seçilib.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Avropa çempionlarına – Azərbaycan yığma komandasının üzvlərinə kubok təqdim olunub.
Sentyabrın 4-dən 12-dək keçirilən çempionatda Azərbaycan, Almaniya, İrlandiya, İsveçrə, İtaliya və İspaniya yığma komandaları mübarizə aparıb. (AzərTac)
İnterpress.az