Bunu Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən növbədənkənar xüsusi iclasında bildirib. O qeyd edib ki, həmin iclası vitse-spikerlər Ziyafət Əsgərov və Valeh Ələsgərovla birgə izləyib: “Mən Avropa Parlamentinin bu qətnaməsini tam qərəzli və saxta hesab edirəm. Bu qurumun iclasında əvvəllər 50-60 nəfər güclə iştirak edirdi. Bu dəfə məqsədli 600-dən yuxarı deputat toplamışdılar. Son iki ildə Avropa Parlamentində Azərbaycana qarşı bir çox qərəzli sənəd qəbul olunub. Biz çox vaxt dinmirdik, amma artıq susmaq olmur. Avropa bu dəfə bütün davranış qaydalarını pozdu”.
Spiker deyib ki, bu qətnamənin qəbul edilməsinin əsas hədəflərindən biri Azərbaycanı Avropadan təcrid etmək, nüfuzuna xələl gətirmək və Dağlıq Qarabağ məsələsində Azərbaycana hansısa şərtlər qəbul etdirməkdir: “Separatçı rejimin başçısı terrorçu Saakyanı Avropaya dəvət etməkdə də məqsədləri bu idi”.
Azərbaycanın Avropa ilə əməkdaşlıqda keçdiyi yolu, Avronest səviyyəsində xidmətlərini xatırladan O. Əsədov bildirib ki, Milli Məclis bugünkü iclasda Nazirlər Kabinetinə tövsiyə edəcək ki, Azərbaycanın Avronestlə əməkdaşlığına yenidən baxsın.
İnterpress.az