AZAL-da güzəştli uçuş qalmaqalıbackend

AZAL-da güzəştli uçuş qalmaqalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə qiyməti 145-190 dollar arasında dəyişən ucuz qiymətli reysdə baş verib. Əl baqajının yuxarı limiti 5 kiloqram olan reysdə paltarlar və kiçik əl çantaları çəkiyə daxil edilib. Nəticədə, hər kəsin baqajının toplam çəkisi beş kiloqramı keçib. Buna görə şirkət sərnişinlərdən əlavə olaraq 25-50 avro pul alıb.

Həmin pulu verməyə imkanı çatmayan insanlar dərin həyəcan keçiriblər. Bu insanların arasında xüsusilə tələbələr çox olub və onlar göz yaşları içində başlarına nə gələcəyini bilmədiklərini deyiriblər. Tələbələr bir daha AZAL-ın xidmətindən istifadə etməyəcəklərini bildiriblər.

AZAL-dan məsələ ilə bağlı ANS PRESS-ə verilən məlumatda İstanbul hava limanında qaydalara uyğun şəkildə davranıldığını bildiriblər. “Lou-kost reyslərə sərnişin qəbulunun bütün dünya üzrə qəbul edilmiş qaydaları var. İstər indi işləyən Antaliya və İstanbul reysləri olsun, istərsə də yaxında açacağımız Dubay və Moskva reyslərində biz bu qaydalardan kənara çıxa bilmərik”,- deyə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Amma bununla belə, Paşa Kəsəmənski AZAL-ın tələbələr üçün güzəştlər nəzərdə tutduğunu bildirir: “Biz klassik reyslərdə tələbələr üçün güzəştlər barədə düşünürük. Amma bu güzəştlər lou-kost reysləri əhatə etməyəcək və klassik reyslər üçün nəzərdə tutulub”.

Ümumiyyətlə, dünyanın əksər aviaşirkətlərində tələbələr güzəştlər şamil edilir. Buraya qiymət güzəştlərindən tutmuş, pulsuz aparıla bilən baqajın 2 dəfəyə qədər artırılması daxildir. Böyük ehtimalla, AZAL-ın güzəştləri də bu səpkidə olacaq (ans).

İnterpress.az