Məmmədyarov AŞPA nümayəndəsi ilə görüşübbackend

Məmmədyarov AŞPA nümayəndəsi ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun münaqişənin həlli prosesində başlıca maneə olduğunu vurğulayıb.

Elmar Məmmədyarov Azərbaycanın ərazilərinin işğal olunmasının beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul edildiyini xatırladıb.

O, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının qaçqın və məcburi köçkünlərin geri qayıtmasına, kommunikasıyaların bərpasına, etimadın yaranmasına və regionda sülh və təhlükəsizliyin bərpa olunmasına xidmət edəcəyini deyərək, buna qarşı yalnız Ermənistanın çıxış etdiyini nəzərə çatdırıb. Yenilənmiş Madrid prinsiplərində bu məqamların əks olunduğunu deyən nazir münaqişənin mərhələli həllinin beynəlxalq ictimaiyyət tərəfindən mümkün həll yolu kimi qəbul edildiyini vurğulayıb.

Elmar Məmmədyarov 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı ilə Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə daha bir təsirli formada cavab verdiyini diqqətə çatdırıb.

Nazir Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik tərkibinin dəyişdirilməsi və Suriyadan olan erməni əsilli qaçqınların bir qisminin bu ərazilərdə yerləşdirilməsinin Ermənistan tərəfindən Cenevrə Konvensiyaları və əlavə protokollar əsasında üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulması olduğunu qeyd etdi və ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar qarşısında bu məsələnin davamlı şəkildə qaldırılacağını bildirib.

Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Vyanada Minsk Qrupunun digər üzvləri ilə məsləhətləşmə və məlumatlandırma xarakterli görüşlər keçirməsinin müsbət hal olduğunu deyib. O əlavə etdi ki, ATƏT Minsk Qrupunun bütün üzvləri, eləcə də müqabil beynəlxalq təşkilatlar da münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsasında həlli prosesinə töhfə verməlidirlər.

İnterpress.az