Bunu ölkəmizdə səfərdə olan Çexiya prezidenti Miloş Zeman Azərbaycan prezidenti İlham ƏLiyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Sizi əmin edim ki, heç də bütün ölkələr belə yüksək səviyyəli maliyyə intizamı ilə fərqlənə bilmir. Mənə məlumat verdilər ki, Azərbaycandakı fəaliyyətimizin sığortasında mənfi hallar baş verməyib. Mən bunu çox yüksək qiymətləndirirəm. Bu, ölkənizə münasibətdə inamı artırır”.
Çexiyalı sahibkarların Bakı-Tiflis-Qars dəmir yolunun inşasının birinci mərhələsinə investisiya yatırdığını qeyd edən M. Zeman əməkdaşlığın uğurla davam edəcəyinə ümidvar olduğunu bildirib. Onun sözlərinə görə, layihə infrastruktur baxımından geniş miqyaslıdır.
M. Zemanın sözlərinə görə, Azərbaycan Çexiya üçün çox mühüm ölkədir: “Neftin 30 faizini Azərbaycandan idxal edirik. Bizi Azərbaycanla birləşdirən ortaq cəhətlər çoxdur. Əhalimizin sayı təxminən eynidir, iqtisadi inkişafımız müsbət templərlə davam edir, işsizliyin səviyyəsi aşağıdır”.
Çexiya prezidenti həmçinin Gəncə şəhər nəqliyyatının inkişaf etdirilməsində ölkəsinin verdiyi təklifin müsbət qiymətləndirildiyini qeyd edib, habelə müdafiə sənayesi və polislər üçün silah növlərinin təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinin arzuolunan olduğunu bildirib.
Ölkəmizin kənd təsərrüfatı sahəsində müəyyən məhsulları ixrac etdiyinə diqqətə çəkən Çexiya prezidenti Azərbaycanın öz daxili tələbatını ödədiyini bildirib. “Azərbaycanın Çexiya Respublikasında istər mehmanxana, istər də kurort sahələrinə və digər yerlərə sərmayələrin qoyulmasını istərdik. Siz Çexiyada bu məsələdə maliyyə təminatına əmin ola bilərsiniz. Çexiya bu baxımdan Mərkəzi Avropada çox təhlükəsiz ölkədir”, – deyə o qeyd edib.
Sonda Çexiya prezidenti azərbaycanlı həmkarı İlham Əliyevi ölkəsinə səfərə dəvət edib: “Səbirsizliklə Praqadakı növbəti görüşümüzü gözləyəcəyəm. Bu da iqtisadi əməkdaşlığımız üçün növbəti addım olacaq”. (apa)
İnterpress.az