Nəqliyyat Nazirliyi \”Azəryolservis\” ASC-nin mətbuat katibliyindən İnterpress.az-a verilən məlumata görə, artıq avtonəqliyyat vasitələri dairəyə daxil olmadan yeni yol hissəsindən istifadə etməklə geriyə dönmə əməliyyatını yerinə yetirərək hərəkətlərini davam etdirə bilərlər. Bundan öncə isə geri dönmə əməliyatını həyata keçirmək üçün nəqliyyat vasitələri dairəyə daxil olurdular və digər istiqamətlərdən də bura nəqliyyat hərəkəti olduğu üçün günün pik saatlarında sözügedən ərazidə “tıxac” yaranırdı. “Azəryolservis” ASC-nin bu addımı ərazidə nəqliyyat sıxlığının azalmasına müsbət təsir edib.
Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində salınan yeni yol hissəsinin uzunluğu 33 metr, eni isə 11.5 metrdir. Yeni yol hissəsinin salınması ilə paralel olaraq, ərazidə təmir-tikinti işləri də həyata keçirilib. Babək prospektinin dairəyə düşən və dairədən qalxan istiqamətlərində köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Ümumilikdə yeni yol hissəsi də daxil olmaqla ərazinin 4800 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənib.
Təmir-tikinti işləri çərçivəsində əraziyə 535 paqon metr yeni səki daşı düzülüb, səkilər, dairənin üstü və yol ötürücüsünün alt hissəsi abadlaşdırılaraq asfaltlanıb. Qeyd olunan ərazilərin ümumilikdə 3900 kv.m sahəsi asfaltlanıb. Zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolun hərəkət hissəsinə üfiqi nişanlanma xətləri çəkilib. Bununla da sözügedən ərazidə “Azəryolservis” ASC tərəfindən həm piyadaların, həm də avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti təmin olunub.
Anoloji işlərin Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində də görülməsi nəzərdə tutulub.
Bundan başqa, sözügedən ərazidə yenilik də edilib. İlk dəfə olaraq yola tünd qırmızı rəngli asfalt-beton örtüyü döşənib. Yenilik Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yolötürücüdə tətbiq edilib. Burda təqribən 250 kvadrat metr sahədə rəngli asfalt-betondan istifadə olunub. Rəngli asfalt-betondan istifadə olunaraq asfaltlanmış ərazinin uzunluğu isə 1 kilometrə yaxındır.
Rəngli asfalt-beton örtüyünün adi asfaltdan keyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə olaraq asfalt zavodda hazır olduqdan sonra xüsusi qurğuda onun tərkibinə rəngləyici maddə qatılır və qarışdırılır. Nəticədə rəngli asfalt-beton alınır.
Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yolötürücünün kənarlarında olan sütunlar tünd qırmızı rəngdə olduğu üçün körpünün kənarlarına və yolayrıcına da eyni rəngdə asfaltın döşənməsi qərara alınıb. Bu həm vizual olaraq gözəl görünür, həm də bir növ sınaq məqsədi daşıyır. Çünki atılmış addım özünü doğrultsa gələcəkdə bu cür asfaltın başqa yerlərdə, əsasən, səkilərə, piyada zolaqlarına, dairələrə və sair bu kimi yerlərə də döşənməsi işləri aparıla bilər.
İnterpress.az