“Milli Məclisin qərarı Avropa Parlamentinə göndərilib”backend

“Milli Məclisin qərarı Avropa Parlamentinə göndərilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclis sədrinin müavini Bahar Muradova Modern.az saytına qərarla bağlı artıq həmin quruma rəsmi müraciət olunduğunu açıqlayıb:

“Həmin sənəd rəsmi şəkildə sentyabrın 15-də Avropa Parlamentinə göndərilib”.

Parlamentin sentyabrın 14-də keçirilmiş xüsusi iclasında Avropa Parlamentinin Azərbaycana qarşı qərəz nümayiş etdirməsi nəzərə alınaraq, qərar qəbul edilib. Qərarda bildirilib:

– Azərbaycana qarşı pozucu fəaliyyətlərə və qərəzli kampaniyalara son qoyulsun;

– Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısı alınsın;

– Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının iclaslarında iştirak etməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın;

– Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanksiya tətbiq olunacağı təqdirdə, Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun”.

Avropa Parlamenti sentyabrın 10-da Azərbaycandakı insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı qətnamə qəbul edib. Avropa Parlamentinin üzvləri Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində ciddi islahatlar aparmağa, vətəndaş cəmiyyəti təşkilatlarına, müxalifət partiyalarına, müstəqil jurnalistlərə hücumları dayandırmağa, sərbəst toplaşma ilə bağlı qadağanı aradan qaldırmağa çağırıb. Qətnamədə bildirilib ki, Avropa Birliyi Azərbaycanla əməkdaşlığı dəstəkləyir, eyni zamanda insan hüquq və azadlıqlarının qorunmasını bu münasibətlər üçün şərt hesab edir.

İnterpress.az