Neftçilər günü münasibətilə təntənəli mərasim keçirilibbackend

Neftçilər günü münasibətilə təntənəli mərasim keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbiri giriş sözü ilə açan Azərbaycanın energetika naziri Natiq Əliyev neftçilərin ağır əməyindən danışaraq bildirib ki, neftçilərin əməyi dövlətin möhkəmlənməsində əvəz edilməzdir.

O, 21 il əvvəl imzalanan “Əsrin müqaviləsi”ni xatırladaraq Heydər Əliyevin müqavilənin imzalanmasındakı rolunu vurğulayıb.

N. Əliyev qeyd edib ki, bu gün neft Azərbaycanın simvoluna çevrilib və Azərbaycan dedikdə ilk olaraq yada neft düşür. Nazir bu gün prezident İlham Əliyevin neftçilərə olan diqqətini də xüsusi vurğulayıb.

Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib ki, o, hər zaman neftçi olub, bu gün də neftçi olaraq qalır: “Neftçi harada işləməsində asılı olmayaraq, hər zaman neftçidir. Azərbaycan nefti bizim nəvələrimizə, nəticələrimizə də çatacaq. Biz yeni-yeni yataqlar aşkar edib, neftimizi dünyaya ixrac edəcəyik”.

SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, Azərbaycanın bütün dünyaya ixrac etdiyi əsas məhsulunun – neftin qiymətinin 2 dəfə düşməsinə baxmayaraq, neftçilər titanik işlər görməkdə davam edirlər.

O qeyd edib ki, “Şahdəniz-2” yatağından hasil olunan qazın Avropaya ixracını həyata keçirəcək layihə qrafikə uyğun aparılır. O, TANAP və TAP layihəsində işlərin layihəyə uyğun qrafiklə aparıldığını da vurğulayıb: “Biz düşünürük ki, 2018-ci ildə Azərbaycan qazını Türkiyəyə çatdıra biləcəyik”.

SOCAR prezidenti deyib ki, maliyyə çətinliklərinə və dünyada böhranın olmasına baxmayaraq, Azərbaycanda yeni inşa olunan Neft-Qaz və Neft-Kimya Kompleksinin tikintisi də uğurla davam etdirilir.

O bildirib ki, köhnə zavodların modernləşdirilməsi prosesi davam etdirilir: “Artıq SOCAR tərəfindən inşa olunan Karbomid Zavoduna maliyyə cəlb edə bilmişik”.

Cənub Qaz Dəhlizi istiqamətində görülən işlərdən danışan SOCAR prezidenti deyib ki, artıq boruların qaynaq işləri aparılır. Gürcüstanda yeni kompressor stansiyasının tikintisi davam edir.

R. Abdullayev deyib ki, dünyada maliyyə böhranına və neftin ucuzlaşmasına baxmayaraq, 2017-ci ilin sonunda Sumqayıt Texnologiya Parkında “SOCAR-Polimert” zavodunun da inşası başa çatdırılacaq. O əmin edib ki, 2017-ci ilin sonuna SOCAR istehsal etdiyi məhsulların çeşidini artıracaq və dünyaya yeni məhsullar ixrac edəcək.

Daha sonra SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəyə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təltif edilmiş fəxri fərman təqdim edilib. X. Yusifzadə çıxış edərək bildirib ki, Azərbaycanda elə bil ailə yoxdur, orada neftçi olmasın: “Buna görə də bu bayram yalnız neftçilərin deyil, bütün Azərbaycan xalqının bayramıdır”.

Sonra SOCAR tərəfindən təşkil olunan müsabiqənin qalibləri mükafatlandırılıb.

Tədbir konsert proqramı ilə davam edib.

İnterpress.az