Bu sözləri baş nazirin müavini Əli Əhmədov paytaxtda yerləşən bir sıra apteklərdə əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə maraqlanarkən deyib.
Dərmanların qiymətinin tənzimlənməsinə toxunan Ə.Əhmədov bildirib ki, addımın atılması heç də təsadüfi deyil. Son vaxtlaradək Azərbaycanın dərman bazarında dərman satışında vahid qiymətin olmaması əsas problemlərdən biri idi.
“Bu praktika dünyanın əksər ölkələrində tətbiq olunub. Qarşıda duran daha vacib məsələ dərman vasitələrinin keyfiyyətinə nəzarəti gücləndirməkdir. Dərmanların keyfiyyətli olması ən vacib məsələdir. Bu funksiyanı Səhiyyə Nazirliyinin nəzdində yaradılmış qurum həyata keçirir. Söz yox ki, bu qurum öz fəaliyyətini daha da gücləndirəcək. Burada yaradılan şərait onu göstərir ki, Azərbaycanın dərman bazarı ciddi şəkildə nizam-intizama cəlb olunur”.
Dərman qıtlığına toxunan Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda lazımi dərman ehtiyatı var və bu, daim idarə olunan bir prosesdir.
“Səhiyyə Nazirliyi bu istiqamətdə qabaqlayıcı tədbirlər görür. Ola bilsin ki, dərmanların qiymətlərinin tənzimlənməsi ilə əlaqədar qısa vaxtda problemlər ortaya çıxsın, amma gələcəkdə onlar tamamilə aradan qaldırılacaq. Ölkədə dərman qıtlığı olmayacaq. Dünyada çoxlu dərman növləri var. Apteklərimizdə bir adda dərmanın tapılmaması o tərkibdə dərmanın olmaması anlamına gəlmir”. (publika.az)
İnterpress.az