ATV-nin tanınmış aparıcısı İlkin Həsəninin ANS TV-ni və onun əməkdaşlarını təhqir etdiyi üçün açılan məhkəmə davasında qətnamə qəbul edilib.
Nəsimi rayon məhkəməsinin verdiyi qərara görə, İlkin Aydın oğlu Həsəni 22 may 2015 ci il tarixində öz Facebook səhifəsində ANS-ə ünvanladığı sözləri elə həmin sosial şəbəkə vasitəsi ilə öz adından təkzib edilməklə, ANS şirkətindən, onun rəhbərliyindən və əməkdaşlarından üzr istəməlidir.
Qeyd edək ki, bu günlərdə İlkin Həsənli öz Facebook səhfəsində status paylaşaraq qarşı tərəfdən üzr istəmişdi. Lakin alınan məlumata görə, məhkəmədə hakim aparıcının üzrxahlığını qəbul etməyərək rəsmi surətdə üzr istəməsini tələb edib.
ATV-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məsələ ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Bu barədə heç bir açıqlama verə bilməyəcəyəm. Məsələ ilə əlaqədar yalnız televiziyanın rəhbərliyi və hüquqşünası ilə məsləhətləşdikdən sonra hər hansı fikir söyləmək iqtidarında olacağam. Onu deyə bilərəm ki, televiziyamız heç kimə qarşı qərəzli mövqdə olmayıb. Buna baxmayaraq, bir neçə dəfə müəyyən məsələlərdə qərəzlə qarşılaşmışıq. Həmişə olmasa da vaxtaşırı cavablar vermişik”.
Xatırladaq ki, ANS TV-nin əməkdaşı Ləman Ələşrəfqızının Mətanət Əliverdiyeva haqqında hazırladığı süjetə İlkin Həsəni kəskin münasibət bildirmişdi. Belə ki, aparıcı ANS TV-ni şərəfsizlikdə ittiham etmişdi: \”14 ildir TV-də işləyirəm. Bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir şərəfsizliyi görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm, TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiniz. Onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü. Amma belə etməli deyildiniz! Bu gün siz, rəsmən ATV kanalına efir müharibəsi elan etdiniz! OK, olsun!”
Bir sıra xəbər portalları isə bu təhqir dolu statusu tirajlamışdı. Bundan sonra ANS öz nüfuzunu, əməkdaşlarının şərəf və ləyaqətini etibarlı surətdə qoruyacağını, məsələ ilə əlaqədar məhkəməyə müraciət edəcəyini bəyan etmişdi.
İnterpress.az