Bu barədə məlumatı AzNews.az-a E.Miri özü verib. Bildirib ki, məhkəməyə müraciət etməsinə səbəb nazirliyin qeyri-qanuni şəkildə rəhbərlik etdiyi mərkəzi cərimələməsi olub. Belə ki, Vergilər Nazirliyi tərəfindən 4 ay əvvəl mərkəzdə səyyar yoxlama aparılıb. Yoxlama nəticəsində şirkət cərimə edilib: “Bizim auditlə müqaviləmiz olduğu üçün cərimə ilə bağlı onlara müraciət etdik. Bildirdilər ki, şirkətimizdə heç bir qanun pozuntusu yoxdur, mərkəzin fəaliyyəti tamamilə şəffafdır. Buna görə məhkəməyə müraciət etdik. Dünən birinci instansiya məhkəməsi keçirildi. Məhkəmə zamanı Vergilər Nazirliyinin daha bir qanunsuz əməli ifşa oldu”.
Onun sözlərinə görə, məlum olub ki, mərkəzdə yoxlama aparan müfəttiş Emin Məmmədov tərtib etdiyi sənədlərdə Elşad Mirinin əvəzinə imza çəkib: “İclasda hakim mənə dedi ki, sən özün də nazirliyin tərtib etdiyi sənədlərdə qol çəkmisən ki, həqiqətən də bəzi sənədlər nazirliyə təqdim edilməyib və s. Mən heç bir sənədə imza çəkmədiyimi bildirdim. Sənədə baxdım və gördüm ki, E.Məmmədov mənim yerimə sənədlərə saxta imza atıb. Heç öz imzama da oxşatmayıblar. Tamamilə fərqli bir imza qoyulub. Bundan əlavə, mən hüquqi şəxsəm və imzamın altından möhürüm olmalıdır. Sənəddə isə möhürüm də yoxdur. Belə çıxır ki, mən məhkəməyə müraciət etməsəydim, adımdan çəkilən saxta imzadan da xəbərim olmayacaqdı. İclasdan sonra vergilərin müfəttişi auditimizə zəng edib deyir ki, nolardı öz boynuna götürsəydin?”
Məlumat üçün bildirək ki, Elşad Mirinin Vergilər Nazirliyinə qarşı iddia ərizəsinə ərizəmə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb. İclas Hakim Əhmədov Fəqanın rəhbərliyi ilə keçirilib. Növbəti iclas isə Oktyabr ayına təyin edilib.
İnterpress.az