Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi barədə son vəziyyətlə bağlı həmkarına məlumat verən nazir Elmar Məmmədyarov Ermənistanın əsl məqsədinin müxtəlif təxribatçı əməllərlə danışıqlar prosesinə xələl gətirmək və işğal və təcavüzə əsaslanan mövcud status kvonu davam etdirmək olduğunu vurğulayıb. Nazir bildirib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktına son qoyulmalı, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunmalıdır.
İşğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaq əvəzinə Ermənistanın bu ilhaqçı siyasətinin münaqişənin həllində başlıca mane olduğunu və regional sülh və təhlükəsizlik üçün təhdid yaratdığını nəzərə çatdırıb. O, münaqişənin həlli prosesində ATƏT-in Minsk Qrupunun bütün üzvlərinin fəallıq göstərməsi və yaxından iştirak etməsinin vacibliyini qeyd edib.
Nazirlər növbəti il ATƏT-in fəaliyyətdə olan sədri statusunda Almaniyanın sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparıblar. Almaniya xarici işlər naziri ATƏT-dən daha çox gözləntlərinin olduğunu qeyd edərək, təşkilatın modernləşdirilməsi kimi məsələlərin prioritet sahə kimi gündəliklərində olacağını nəzərə çatdırıb.
Nazir E.Məmmədyarov ATƏT və onun strukturlarının, o cümlədən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi ehtiyacın olduğunu vurğulayıb. O, ATƏT DTİHB-in Azərbaycanda keçiriləcək seçkilər ilə əlaqədar bəyanatının DTİHB-in mandatına zidd olduğunu qeyd edərək, DTİHB-in tətbiq etdiyi seçki metodologiyasının ciddi surətdə yenidən nəzərdən keçirilməli olduğunu bildirib.
Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi qətnaməsinə toxunan Elmar Məmmədyarov əsassız və qərəzli olan bu qətnamə ilə Avropa Palamentində olan bəzi qüvvələrin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə zərbə vurduqlarını diqqətə çatdırıb.
Görüş əsnasında Suriya böhranı və onun doğurduğu fəsadlar, beynəlxlaq terrorçu şəbəkələrə qoşulan əcnəbi döyüşçülər və miqrant problemi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İnterpress.az