İnterpress.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramlı dollarla olan kreditləri manata çevirən zaman diqqət yetirməli olan məqamları açıqlayıb:
1. Müddətin uzadılmaması. Bankların əksəriyyəti belə əməliyyatlarda dollar ilə olan məbləği manata çevirən zaman müddəti uzatmaqla kredit sahibindən əlavə ödənişi təmin edilər. Məsələn, kredit müqaviləsinin bitməsinə 7 ay qalmış anlaşmanı milliləşdirən zaman bank yeni müqavilədə müddəti12 ay göstərməklə ümumi ödəniləcək kredit məbləğini süni şəkildə şişirdir;
2. Uzadılan müddət üzrə faizin hesablanmaması. Əksər hallarda kommersiya bankı vətəndaşa kredit üzrə faizin dəyişdirilmədiyini bildirsə də, uzadılan müddətə faizin hesablanması ümumi kredit həcmini məbləğdən asılı olaraq 15-20 faiz artırır. Bu isə birbaşa uzadılan müddət üçün faizin hesablanması ilə bağlıdır. Bununla da, kredit götürən artıq vəsait ödəmək məcburiyyətində qalır;
3. Faizlərin dəyişdirilməməsi. Bir sıra banklar dollar ilə kreditlərin manata konvertasiyası zamanı faizlərin dəyişdirilmədiyini bildirsə də ümumi kredit məbləğində yeni faizlər hesabına artımlar baş verir;
4. Aylıq ödənişin azalmasına şirnikləşməmək. Müddəti uzadan və həmin dövrə faiz hesablayan banklar aylıq ödənişi azaltsa da son nəticədə daha çox pulun ödənilməsini təmin edilər. O baxımdan, aylıq ödənişin azalmasına deyil, müqavilə müddəti bitənəcək ödəniləcək məbləğə diqqət yetirmək lazımdır. Uzadılan müddətdə aylıq ödənişin azaldılması əksər hallarda heç də krediti olan üçün uduş kimi qiymətləndirilməməlidir;
5. Konvertasiya məzənnəsinə diqqət yetirmək. Kommersiya banklarının əksəriyyətində manatın xarici valyutalara konvertasiya məzənnəsi valyuta dəyişmə məntəqələrinin kursu ilə tamamilə fərqlidirlər. Buna görə də, sərfəli olmayan məzənnə ilə konvertasiya kredit götürənin elə müqavilə bağlanan anda uduzması deməkdir.
Deməli, kommersiya banklarında kredit müqavilələrinizə dəyişiklik edən zaman diqqətli olmaq və prosesdən bankların deyil, vətəndaşlarımızın qazanmasını təmin etmək həm də kredit götürənlərin özündən aslıdır.
İnterpress.az