Bunu ombudsman Elmira Süleymanova Milli Məclisin bir neçə komitəsinin 2016-cı ilin büdcə layihəsi ilə bağlı keçirdiyi birgə iclasında deyib.
O, vurğulayıb ki, narkomaniyanın qarşısını almaq, müalicəsi mümkündür və buna daha çox fikir verməliyik:
“Cəzaçəkmə müəssisələrinə gedərkən müşahidə edirik ki, orada daha çox cavan kişilər narkomaniyaya bulaşıblar. Həm özləri əzab çəkir, həm dövlət üçün çox böyük xərcdir”.
Elmira Süleymanova bəzi ali məktəblərdə təhsil haqlarının yüksək olduğunu da qeyd edib. Onun fikrincə, 3400 manat illik təhsil haqqını ödəmək bu gün Azərbaycan ailələri üçün çətindir.
Uşaq evləri haqqında da danışan ombudsman qeyd edib ki, bunlar təhsilin ilk pilləsidir və onlara fikir vermək lazımdır. O bildirib ki, burada məqsəd yeni kurrikulum əsasında dərslər keçirilən zaman uşaqların çətinliyə düşməməsidir.
Ombudsman rayonlarda hüquq məsləhətxanalarının olmaması məsələsinə də toxunub:
“Rayonlarda insan hüquqlarının pozulması, məmur özbaşınalıqlarının artmasının səbəbi yerlərdə hüquq məsləhətxanalarının olmaması ilə bağlıdır”.
Elmira Süleymanova hərbi qulluqlçuların kirayə mənzil pulu məsələsini də vurğulayıb:
“Bakı şəhərində 47,4 manat, rayonlarda 33 manat, digər yaşayış məntəqələrində isə 28 manata hərbçilərə kirayə üçün ev pulu verilir. Bu pulla o, harada ev tapa bilər ki, ailəsinin saxlasın”.
O, tabeliyində olan bəzi işçilərinin əmək haqlarının artırılması ilə bağlı çıxış edib. Bildirib ki, 10 nəfər işçi var ki, mütəxəssis kimi işə qəbul olunub və haradasa 200-240 manat əmək haqqı alır:
“Hesab edirəm ki, mütəxəssis kimi işə götürülən həmin şəxslərin məsləhətçi ştatı ilə əvəzlənməsi onlara dəstək olardı”.
İnterpress.az