Şəmkir rayonu, Zəyəm kəndində məscid tikintisinə icazə verilməsi və ya bu məqsədlə torpaq sahəsi ayrılması ilə bağlı indiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət daxil olmayıb: \”Eyni zamanda, Zəyəm kəndinin hansısa sakini öz həyətyanı sahəsində və ya pay torpağında ibadət evinin tikintisinə icazə verilməsi ilə bağlı fərdi qaydada Dövlət Komitəsinə müraciət etməyib. Buna görə də, yerli icra hakimiyyəti orqanı haqlı olaraq qanunauyğun şəkildə tikintini dayandırıb\”.
Dövlət Komitəsindən bildirilib ki, istənilən obyektin, o cümlədən dini ibadət yerinin tikintisi mövcud qanunvericilik əsasında aparılmalıdır. Bu, hüquq məsələsi olmaqla yanaşı, həm də mənəviyyat, halallıq məsələsidir. Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğu barədə rəy verilməsi haqqında normativ sənədlər var və bütün proseslər bu təlimata uyğun aparılmalıdır\”.
Məlumatda qeyd olunub ki, indiyədək, dövlət qurumları ölkədə ibadət evlərinin tikintisinə hansısa məhdudiyyət qoymayıb. Əksinə, ibadət evlərinin inşasına və bərpasına daim dövlət tərəfindən diqqət göstərilib. Son 10 ildə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam və tapşırıqları əsasında onlarla məscid inşa edilmiş və ya əsaslı bərpa olunaraq dindarların istifadəsinə verilmişdir. Bu fakt deyilənlərin əyani təsdiqidir.
Şəmkir rayonu Zəyəm kəndində mövcud faktla əlaqədar onu da bildiririk ki, tikinti işləri dayandırılıb və hazırda müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır\”.
İnterpress.az