Ərazidə baş verən hadisənin əsas səbəblərini modern.az-a şərh edən Avtovağzal kompleksinin baş mühəndisi (Həm də “Bakı 21-ci əsr” MMC-nin baş mühəndisi) İlham İbişov bir çox yollarda salınan yamacların təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb. Avtovağzal Komleksinin yanından keçən Bakı-Sumqayıt yolunun kənarındakı yamacları ərazinin aid olduğu Binəqədi rayon İcra Hakimiyyəti salıb.
Baş mühəndis belə deyib: “Bakı-Sumqayıt yolunun sürüşməyə məruz qalmasının əsas səbəbi yol yamacının kənarlarında salınan yaşıllaşdırma, balaca təpəciklərin hər gün suvarılmasıdır. Suyun axma yeri olmadığından yol yamacını yuyur. Bu cür yamacların yol kənarında salınması yola ziyandır. Yamaclara düşən suyun başqa yerə axıdılmasına müəyyən bir konstruktiv qərar verilməlidir. Yəni yola axıdılan su kənarlaşdırılmalıdır. Həmçinin, yola düşən yağış suları da kənarlaşdırılmayıb. Neçə həftədir ki, həmin ərazi suvarılmır. Amma, yamacların dibi hələ də sudur.
Əlbəttə ki, bu, bir-iki günün işi deyil. Fasiləsiz olaraq suvarılma işlərinin görülməsi yol yatağının çökməsinə gətirib çıxarır. Birinci məsələ odur ki, həmin yamaclar mütləq sökülməlidir. Əvvəllər yola düşən suyu ərazidən uzaqlaşdırmaq üçün su kanovu olurdu. Indi isə yoxdur. Ona görə də bütün axıdılan su gəlib Bakı-Sumqayıt yolunu yuyub aparır. Hər dəfə bir-iki millimetr sürüşmə davam edir. Hələlik müvəqqəti möhkəmləndirmə işi gedir. Texniki qərardan sonra ümumi bərkitmə işi aparılacaq”.
Ilham Ibişov bildirib ki, onda olan məlumata görə, bu yamacların salınmasının yola ziyan vurması barədə Fövqəladə Hallar Nazirliyindən Binəqədi rayon Icra Hakimiyyətinə nə vaxtsa etiraz məktubu da göndərilib: “Ola bilsin ki, dəqiq deyil. Amma, eşitmişəm ki, yol kənarında salınan təpəciklər yolun yatağınının yuyulmasına gətirib çıxara bilər”.
Ilham Ibişov kimin məsuliyyət daşıdığını deyə bilməyəciyin bildirib: “Tam məsuliyyəti kim daşıyır, deyə bilmərəm. Hələ ki, müayinə qrupu işləyir. Ərazi Fövqəladə Hallar Nazirliyinin, Ekologiya Nazirliyinin, Icra Hakimiyyəti nümayəndələrinin nəzarəti altındadır. Hər gün əraziyə baxış keçirilir. Hər gün ölçülər aparılır. Müəyyən mayaklar qoyulub. Birbaşa informasiya müəyyən yuxarı instansiyalara çatdırılır. Bu ərazi tam nəzarət altındadır. Torpaqdan nümunələr götürülüb. Yəqin ki, sabaha texniki qərar veriləcək”.
Baş mühəndisin sözlərinə görə, yolun sürüşməsinin təhlükəsi var: “Vaxtında qarşısı alınmasa, bu sürüşmə arzuolunmaz hadisəyə çevrilə bilər. Burda gün ərzində iş gedir”. ( qafqazinfo.az )
İnterpress.az