MTN-dəki toplanılan xəracla bağlı yeni bilgilərbackend

MTN-dəki toplanılan xəracla bağlı yeni bilgilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni Müsavat”qəzeti bu mövzuda daha bir xəbər hazırlayıb. Qəzetin yaydığı xəbərdə bildirilir ki, Eldar Mahmudovun 11 illik nazirliyi dövründə bu qurumda baş verən və verməsi iddia olunan saysız-hesabsız qanunsuzluqlar haqda hər gün qəzet redaksiyalarına onlarla məlumatlar daxil olur. Təəssüf ki, bu məlumatlarla bağlı dəqiqləşdirmə aparmaq istəyi hüquq mühafizə orqanları tərəfindən “istintaq gedir” nidası ilə cavabsız buraxılır.

Hazırda Baş Prokurorluqda MTN-də baş verənlərlə bağlı Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işinin istintaqı aparılır. Rəsmi olaraq 7 MTN əməkdaşının tutulması təsdiqlənir və qeyd olunur ki, tutulanlar xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etməklə, əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyin tələblərini pozmaqla, sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrə yol veriblər. Ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozublar.

Redaksiyaya daxil olan məlumatların əksəriyyəti də Baş Prokurorluğun yaydığı rəsmi məlumatda yer alan fikirləri tamamlayır və bu səbəbdən də oxucuların diqqətinə çatdırılır.

Narkotik satışı, silah alveri, insan alveri və şantaj…

MTN-dəki toplanılan xəracla bağlı yeni bilgilər

Məlumdur ki, bütün dünyada qanunsuz fəaliyyətlə məşğul olan çetelərin baş vurduğu əsas istiqamətlər narkotik satışı, silah alveri, insan alveri və sonda şantajdır. Prezident İlham Əliyev Eldar Mahmudovu nazir postundan uzaqlaşdırandan sonra onun yaxın qohumu olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov da hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı. Məlumatlara görə, Hüseynovun bu quruma rəhbər təyin edilməsinə Eldar Mahmudov yardım edib. Buna səbəb isə ölkədə telefon danışıqlarına daha rahat şəkildə nəzarət etmək olub. Belə məlumatlar var ki, ayrı-ayrı vəzifəli şəxslərin, sahibkarların dinlənilməsi həm də B.Hüseynovun əli ilə baş tutub. Xüsusi xidmət orqanlarının sərəncamında dinləmə və izləmələri həyata keçirmək üçün başqa texnoloji vasitələrin olduğu sirr deyil. Dinləmələr zamanı əldə olunan informasiyalar sonradan şantaj vasitəsi kimi istifadə olunub. Hətta hazırda iş başında olan nazirlərin, komitə sədrlərinin də bu yolla şantaj edildiyi, onlardan hər ay xərac alındığı haqda xəbərlər də var.

MTN-dəki “təmizləmələr”dən sonra Bakıda vəhhabi ovu təsadüfidir?

MTN-dəki toplanılan xəracla bağlı yeni bilgilər

Qəzetin redaksiyasına daxil olan məlumatlarda hazırda istintaqa cəlb olunan MTN-çilər arasında pul qarşılığında radikal islamçılara, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına simpatiyasını gizlətməyən şəxslərə himayədarlıq edənlərin olduğu da deyilir.

Bildirilir ki, bəzi MTN-çilər vəhhabilərdən pul almaqla uzun illər onların Bakı və rayonlarda şəbəkələşməsinə göz yumub, dini radikalizmi təbliğ edən dini ədəbiyyatların yayılmasının qarşısını almayıblar. Maraqlıdır ki, MTN-də baş verən “təmizləmələr”dən sonra Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb. Saxlanılanların arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var. Q.Süleymanov özü isə musavat.com-a açıqlamasında tutulan şəxsin onun müavini olmadığını deyib. Əməliyyatın baş tutduğu kafedən dini xarakterli ədəbiyyat da götürülüb. Xəbər verilir ki, tutulanlardan bir neçəsinə qarşı CM-in 168.2-ci – dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə – maddəsi üzrə cinayət işi başlanıb. Tutulanlar arasında Zaqatala rayon sakinləri Adil Məmməd oğlu Rəcəbov, Kamran Eldar oğlu və Bakı sakini Zaur Əhəd oğlu Şabanovun olduğu bildirlir. Hazırda saxlanılanların Azərbaycandan xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşüb-döyüşmədiyi araşdırılır. Ehtimal edilir ki, onların Suriya və İraqda döyüşən radikallarla əlaqələri var.

MTN-dəki rüşvət məbləğləri haqda şok məlumatlar – konkret adlar!!!

MTN-dəki toplanılan xəracla bağlı yeni bilgilər

Qəzetə daxil olan son məlumatda deyilir ki, Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu dövrdə (2004 – 2015-ci illər), nazirliyin “kassir”i kimi Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatov tanınıb. T.Babatov tərəfindən bütün alver məsələləri, işə götürmə və MTN-in Heydər Əliyev adına Akademiyasına qəbul zamanı tələb olunan rüşvətin məbləği müəyyənləşdirilib. Məlumatda iddia edilir ki, bu məsələlər T.Babatovun şəxsən özü tərəfindən nümayişkaranə formada bildirilib.

Belə ki, ilk dəfə işə qəbul edilən, birbaşa nazirliyin özünə və ya Bakı qarnizonuna təyinat alan şəxslərdən 70 min dollar, Bakı qarnizonundan kənarda yerləşən rayon strukturlarına qəbul edilən əməkdaşlardan isə 50 min dollar rüşvət tələb edilib. Həmçinin, Akademiyaya kursant qismində qəbul üçün 150 min dollar, dinləyici kimi qəbula isə 30 min dollar rüşvət tələb edilib.

MTN-dəki toplanılan xəracla bağlı yeni bilgilər

Bütün rüşvətlər Tehran Babatov tərəfindən şəxsən alınıb, rüşvət məbləğinin durmadan yüksəlməsinə də elə onun özü nəzarət edib.

Eyni zamanda, fəaliyyət göstərən əməkdaşlardan nazirliyə və Bakı qarnizonuna təyinat yerinin dəyişdirilməsinə 40 min dollar, Bakı qarnizonundan kənardakı digər rayon şöbələrinə təyinat yerinin dəyişdirilməsi üçün 15 min dollar rüşvət tələb edilirdi.

Göstərilənlərlə yanaşı, Bakı qarnizonunda yerləşən rayon idarələrinə rəis heyətinə təyin edilmək üçün 500 min dollar, Bakı qarnizonundan kənarda yerləşən şöbə və idarələrə isə 200-500 min dollar civarında (həmin rayonun varlı və ya kasıb olması baxımından) rüşvət tələb edilib. İddialara görə, əldə edilən rüşvətin 10 faizi şəxsən Tehran Babatovun özünə, 30 faizi Kadrlar Baş İdarəsinin rəisi general-mayor Əlimusa Əliyevə, 60 faizi isə nazir Eldar Mahmudova çatırmış.

Tehran Babatov, əvvəllər Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsində işləmiş, yol verdiyi ciddi nöqsanlara və rüşvətxorluğa görə işdən azad edilmiş, lakin 2004-cü ildə Eldar Mahmudov tərəfindən MTN-ə gətirilərək Kadrlar Baş İdarəsinə şöbə rəisi vəzifəsinə təyin edilmişdi. Bu səbəbdən, 2005-ci ildən bu yana olan bütün kadr təyinatlarında varlı ailələrin övladlarının MTN-ə kütləvi axını başlamış, nəticədə savadsız və bacarıqsız işçilər ordusu yaranmışdır. Həmin kadrlar tərəfindən mütəmadi olaraq qanun pozuntularına, özbaşınalığa və səriştəsizliyə yol verilmiş, ölkə rəhbərliyindən həmin faktlar gizlədilmişdir.

MTN-də şantaj olunan sahibkarlar Baş Prokurorluqda dindirilir

MTN-dəki toplanılan xəracla bağlı yeni bilgilər

Hazırda “MTN işi” üzrə zərərçəkən sahibkarların siyahısı hazırlanır. Qəzetə daxil olan məlumata görə, həmin şəxslərdən bir neçəsinin artıq ifadəsi alınıb. Sahibkarlardan biri Maqsud Mahmudov redaksiyamıza bildirib ki, artıq vəkili sənədləri hazırlayaraq istintaqa təqdim edib. Onun özü də dindirilib.

Baş Prokurorluqda dindirilənlərdən biri də Sarı Məmmədovdu. Onun Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 10 sot torpağı zəbt edilib. S.Məmmədov istintaqçılara deyib ki, onun özəl torpağı MTN-in Sabunçu Rayon Şöbəsinin rəisi Faiq Nuriyev tərəfindən zəbt olunub. Torpağını tələb edəndə isə ona deyiblər ki, orada nazir Eldar Mahmudova villa tikilir, əbəs yerə başını ağrıtmasın. S.Məmmədov torpağın boşadılmasını israr edəndə isə üzünə 2 şəxsi qoyacaqlarını, maşınına silah, narkotik atacaqlarını və ya qadınla şantaj edəcəklərini deyiblər.

M.Mahmudova da oxşar hədələr gəlinib. 2 ay əvvəl MTN-in Antiterror Mərkəzinə dəvət olunan iş adamına “istəsək səndən bin Laden, narkobaron da düzəldə bilərik” deyiblər. Qarşısına Bakıda olan obyektinin, restoranının, maşınlarının, övladının təhsil aldığı məktəbin və ona aid olan digər məlumatları qoymaqla konkret rəqəm səsləndiriblər – 250 min manat! Sahibkar deyib ki, orada həmin məbləği ödəməsə, barəsində cinayət işi başlanılacağını bildiriblər. Məcburiyyət qarşısında qaldığından tələb olunan məbləği ödəmək üçün obyektini yarı qiymətə satıb. “Obyektimə görə beh kimi aldığım 120 min manatı verdim, məni azad etdilər. 130 min manatı isə sonrakı ay ərzində obyekti satdığım şəxsdən hissə-hissə alaraq verib canımı qurtardım”.

Sahibkar “həmin dövrdə niyə şikayət etmirdiz” sualına “nəslimi kəsərdilər” cavabını verib.

“MTN işi” üzrə istintaq gedir

MTN-dəki toplanılan xəracla bağlı yeni bilgilər

1 həftə əvvəl baş tutan əməliyyatla bağlı Baş Prokurorluqda araşdırmalar aparılır. Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.

İnterpress.az