E.Mahmudovun dövründə (2004 – 2015-ci illər), nazirliyin “kassir”i kimi tanınan Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatov tərəfindən bütün al-ver məsələləri, işə götürmə və MTN-in Heydər Əliyev adına Akademiyasına qəbul zamanı tələb olunan rüşvətin məbləği müəyyənləşdirilir və bu hallar şəxsən özü tərəfindən nümayişkaranə formada bildirilirdi.
Belə ki, ilk dəfə işə qəbul edilən, birbaşa Nazirliyin özünə və ya Bakı qarnizonuna təyinat alan şəxslərdən 70.000 dollar, Bakı qarnizonundan kənarda yerləşən rayon strukturlarına qəbul edilən əməkdaşlardan isə 50.000 dollar rüşvət tələb edilirdi. Həmçinin, Akademiyaya kursant qismində qəbul üçün 150.000 dollar, dinləyici kimi qəbula isə 30.000 dollar rüşvət tələb edilirdi.
Bütün rüşvətlər Tehran Babatov tərəfindən şəxsən alınır, rüşvət məbləğinin durmadan yüksəlməsinə də elə onun özü nəzarət edirdi. Eyni zamanda, fəaliyyət göstərən əməkdaşlardan nazirliyə və Bakı qarnizonuna təyinat yerinin dəyişdirilməsinə 40.000 dollar, Bakı qarnizonundan kənardakı digər rayon şöbələrinə təyinat yerinin dəyişdirilməsi üçün 15.000 dollar rüşvət tələb edilirdi.
Göstərilənlərlə yanaşı, Bakı qarnizonunda yerləşən rayon idarələrinə rəis heyətinə təyin edilmək üçün 500.000 dollar, Bakı qarnizonundan kənarda yerləşən şöbə və idarələrə isə 200.000 – 500.000 dollar civarında (həmin rayonun varlı və ya kasıb olması baxımından) rüşvət tələb edilirdi. Əldə edilən rüşvətin 10 faizi şəxsənTehran Babatovun özünə, 30 faizi Kadrlar Baş İdarəsinin rəisi general-mayor Əlimusa Əliyevə, 60 faizi isə nazir Eldar Mahmudova çatırdı.
Tehran Babatov, əvvəllər Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsində işləmiş, yol verdiyi ciddi nöqsanlara və rüşvətxorluğa görə işdən azad edilib. lakin 2004-cü ildə MTN-ə Eldar Mahmudov tərəfindən gətirilərək Kadrlar Baş İdarəsinə şöbə rəisi vəzifəsinə təyin edilib.Bu səbəbdən, 2005-ci ildən bu yana olan bütün kadr təyinatlarında varlı ailələrin övladlarının MTN-ə kütləvi axını başlamış, nəticədə savadsız və bacarıqsız işçilər ordusu yaranıb. Həmin kadrlar tərəfindən mütəmadi olaraq qanun pozuntularına, özbaşınılığa və səriştəsizliyə yol verilib, ölkə rəhbərliyindən həmin faktlar gizlədilib. ( criminal.az )
İnterpress.az