İlham Əliyev: “Təxribatlara cavab verəndə bizi günahlandırırlar”backend

İlham Əliyev: “Təxribatlara cavab verəndə bizi günahlandırırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görüşdə İlham Əliyev bildirib ki, Ermənistan rəhbərliyi təxribatlardan əl çəkmir. Keçən ilin oktyabrında prezidentlərin Paris danışıqlarından iki həftə keçməmiş Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Ermənistan silahlı qüvvələrinə məxsus döyüş helikopterləri Azərbaycanın mövqelərinə hücumlar etmişdir. Azərbaycan tərəfi bir neçə gün buna cavab verməmişdir. Nəhayət, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri həyata keçirən Ermənistan silahlı qüvvələrinin hərbi helikopterləri açıq şəkildə mövqelərimizə atəş açmağa cəhd etdikləri zaman məhv edilib.

Dövlət başçısı daha sonra qeyd edib ki, bu ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun ərazimizdə təxribat törətmək cəhdlərinin də qarşısı alınıb və işğalçılar xeyli sayda itki verib. Prezident bildirib ki, bütün bu təxribatlara görə Ermənistan prezidenti Serj Sarkisyan məsuliyyət daşıyır.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan hazırda regionda böyük təhlükə mənbəyinə çevrilib. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dinc əhaliyə mütəmadi olaraq atəş açır, hətta toy məclislərində iştirak edən insanlar belə atəşə tutulur və nəticədə mülki əhalimiz arasında itkilər olur. Azərbaycan tərəfi bu cür təxribatlara cavab verdikdə isə bizi günahlandırırlar. İlham Əliyev təəssüf hissi ilə vurğuladı ki, beynəlxalq ictimaiyyət və xüsusilə də vasitəçilər Ermənistan tərəfinin bu azğınlaşmış hərəkətlərinə adekvat reaksiya vermirlər.

Azərbaycan Prezidenti bildirib ki, bütün bunlar azmış kimi, bu yaxınlarda diktator Sarkisyan rejimi yeni bir siyasi təxribata əl atıb, Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bildirib. Bu, dözülməz, hətta Ermənistanın rəsmi mövqeyinə belə zidd olan bəyanata da, əfsuslar olsun ki, vasitəçilər tərəfindən heç bir cavab verilməyib. Dövlət başçısı vurğulayıb ki, bütün bunlar Azərbaycan tərəfində böyük təəssüf hissi doğurur və vasitəçilərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyasına kölgə salır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İnterpress.az