MTN-ə İŞİD ittihamı  – VİDEObackend

MTN-ə İŞİD ittihamı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AİLƏ ƏVVƏLCƏ DİNƏ GƏTİRİLİB

38 yaşlı İ.Yusifov 2003-cü ildə Pərvanə adlı xanımla ailə həyatı qurub. Onların bu evlilikdən 2 qız övladı – Nəzrin və Lalə – var. Ailə 2009-cu ilə kimi normal həyat tərzi sürüb. Sözügedən ildə Xırdalan qəsəbəsindəki qonşuları Əfsanə və Məlik Rəsulovlar ailəsi vəhhabilərə məxsus cərəyana qoşulub. Onları vəhhabilərə qoşan adam Ə.Rəsulovanın Səxavət adlı bibisioğlu olub (“Eurovision” mahnı müsabiqəsi zamanı Azərbaycanda terror hadisələri törətməkdə və prezident İlham Əliyevin həyatına sui-qəsd planlaşdırmaqda təqsirləndirilən silahlı birləşmənin üzvü Xalıqov Səxavət Mirağa oğlu – red). Ailənin təsiri ilə Pərvanə Yusifova da “dindarlığ”a cəlb edilib.

NAMAZ, HİCAB VƏ SURİYAYA QAÇIŞ ÜÇÜN HAZIRLIQ

P.Yusifova əvvəlcə namaz qılmağa başlayıb. Daha sonra isə hicab bağlayıb. Əri İlqarın etirazlarına baxmayaraq, qadın qoşulduğu şəxslərdən əl çəkməyib.

2009-cü ildən 2014-cü ilə kimi ailə arasında münaqişələr olsa da, ər-arvad bir yerdə yaşayıblar. 2014-cü ildə İ.Yusifov yoldaşının vəhhabilərə qoşulduğunu öyrənib. Onun müəmmalı yazışamalarını görən İlqar arvadına xəbərdarlıq edib. Bir qədər sonra İlqar həyat yoldaşının ondan gizlin ərəb kursuna getdiyindən xəbər tutub və bunun qarşısını almağa çalışıb. Bu isə illərlə ərindən “bezmiş” qadın üçün qığılcım rolunu oynayıb. P.Yusifova 2014-cü ilin yanvarın 30-da uşaqlarını da götürərək evdən çıxıb.

ARVADINDAN MTN-ə ŞİKAYƏT

Gecə İlqara İlham adlı şəxsdən müəmmalı zəng gəlib. İlham İlqarı Qaraçuxura dəvət edib və bildirib ki, əgər onların əqidəsini qəbul edərsə, ailəsinin yanında olacaq. Əks halda ailəsindən uzaq qalacaq. Onların dedikləri ilə razılaşmayan İlqar çarəni Milli Təhlükəsizlik Nazirliyinə şikayətdə görüb. MTN-ə şikayət olunacağını eşidən Pərvanə yenidən ailəsinə qayıdıb.

İKİNCİ MƏRHƏLƏ: QADIN EVİ BİRDƏFƏLİK TƏRK EDİR VƏ…

Aprel ayında Pərvanə Yusifova yenidən ərini tərk edir və anasıgilə qayıdır. May ayında isə rəsmən boşanmaq üçün məhkəməyə müraciət edir. Yoldaşının qızları ilə birlikdə ölkəni tərk edəcəyindən şübhələnən İ.Yusifov aidiyyəti qurumlara – hüquq mühafizə orqanlarına müraciət edib və P.Yusifovanın İŞİD-ə qoşulduğunu və Suriyaya qaça biləcəyini bildirib. Qurumlar isə onu bir-birinə yönləndirib və ailə məsələsi olduğunu əsas “gətirərək”, başlarından etməyə çalışıblar.

İlqarın sözlərinə görə, kimə müraciət etsə də, ona qarşı biganə münasibət göstəriblər.
İlqar qızlarını analarından almaq üçün məhkəməyə müraciət edib. Həyat yoldaşının evinə baxış keçirən Abşeron rayon İcra Hakimiyyəti və məhkəməsi Pərvanə Yusifovanın xeyrinə qərar çıxarıb və qızların analarında qalmalarına dair qətnamə qəbul olunub.

İLQAR YUSİFOV QAÇIŞI ƏNGƏLLƏMƏK ÜÇÜN MTN-LƏ ƏMƏKDAŞLIĞA BAŞLAYIR

Əlacı hər yerdən kəsilən İlqar MTN-in Abşeron rayonundakı şöbəsinin əməkdaşı Rəhimlə və baş idarənin işçisi Pərvizlə əməkdaşlığa başlayır. İ.Yusifov bildirir ki, o, məscidlərdə olur, həyat yoldaşının qoşulduğu qruplaşmanın planları ilə bağlı MTN-ə məlumatlar ötürürmüş. MTN əməkdaşları ilə İlqarı sözün əsl mənasında “ayaq üstə yatırırmış” ki, “bəs sənin ailəni ölkədən heç kim çıxara bilməz, hər şey nəzarətimizdədir”. İlqar deyir ki, onun xidməti müqabilində ailəsinin ölkədən qaçışına mane olacaqları ilə bağlı vədlər veriblər.

POLİSİN NƏZARƏTİNDƏ OLAN QADININ MÜƏMMALI QAÇIŞI

Amma buna baxmayaraq, İlqarin müraciətləri nəticəsində Binəqədi rayon 6-cı polis bölməsinin nəzarətə götürdüyü Pərvanə Yusifova 2015-ci ilin may ayında ölkədən qaçmağı bacarır. Suriyaya gedib İŞİD üzvlərinə qoşulan Pərvanə ərinə oradan videolar göndərir, özləri ilə bağlı məlumatlar yazır. O, qızlarının əlində avtomat, bomba olan şəkilləri də İlqara göndərir.

MTN-ə İŞİD ittihamı  - VİDEO

Qızlarını geri qaytarmaq ümidi ilə ata Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən tutmuş, MTN-ə kimi hər yerə müraciət edir. Videoları göstərir, telefon nömrələrini verir. Bildirir ki, uşaqlarına ölkədən çıxış üçün icazə vermədiyi halda, onları apara biliblər. MTN-in onunla əməkdaşlıq edən və vədlər verən işçilərinin də İlqardan üz döndərməsi çarəsiz atanın ayaqlarını yerdən üzür.

MTN-ə İŞİD ittihamı  - VİDEO

MTN-də ÖLÜM TƏHDİDİ VƏ PUL MÜQABİLİNDƏ SUSMA TƏKLİFİ

Onu MTN-in baş idarəsinə çağırırlar. Orada Elçin adlı şəxsə görüşən İlqar bir az da sarsıntı keçirir. İlqar Elçin adlı MTN əməkdaşının ona dediklərini bəndbəbənd əzbərləyib:

“Mənə dedi ki, əvvəla yoldaşının oradan gəlməsi mümkünsüzdür və gözləmə ki, biz buradan xüsusi əməliyyat qrupu göndərəcəyik ki, sənin arvadını və qızını oradan gətirsin.

İkincisi, sən ən yaxşısı bu məsələləri unut. Çünki adını hallandırdığın şəxslər (Pərviz və Rəhim – red.) var. Hər an başına nə isə gələ bilər. Cibindən hər an narkotik tapıla bilər, yaxud səni qəfildən maşın vura bilər. Ona görə də unut və həyatına davam et. Ağıllı ol!

Bundan başqa o dediyin işlə bağlı özümüz məşğul olacağıq və bu işdən nə əldə etsək, çalışacağıq sənə də hörmət edək”.

İdarə İlqara sübut etməyə çalışıb ki, o, uşaqların ölkədən çıxmasına icazə kağızı verib. Sübut edə bilmədikdə deyiblər ki, qadın ölkədən Gürcüstan yolu ilə qaçıb. Sonra deyiblər ki, yox, Zaqatala ilə gedib. Uzun sözün qısası, MTN Pərvanə Yusifovanın ölkədən hansı yolla qaçdığını dəqiqləşdirə bilməyib, yaxud da İlqardan gizlədib.

SURİYAYA QAÇAN QADIN İŞİD ÜZVÜNƏ ƏRƏ GEDİR…

MTN-ə İŞİD ittihamı  - VİDEO

İlqarın telefonuna rusca yazılmış səs yazısı göndərilir. Danışığından İŞİD üzvü olduğu görünən bir kişi Pərvanənin ərdə olduğunu deyir.

Ən dəhşətli məqam isə bütün bunlarla yanaşı İlqarın təhdid olunmasıdır: “Bu nömrəyə bir daha yazma. Bu ərli qadının telefonudur. Elə etmə ki, başını elə oradaca kəsdirək”.

Səs yazısından İŞİD üzvlərinin Azərbaycanda da fəaliyyət göstərməsi və MTN-in xəbəri olduğu halda ölkədə rahat şəkildə yaşaya bildiklərini aydın şəkildə anlamaq olur. Hətta MTN-in xəbəri yoxdursa belə, İlqarın əlindəki fakt-sübutlarla məlumatlı olmalı idilər… Çünki İlqar bunların hamısını aidiyyəti qurumlara verib.

***

Arvadı və qızları Suriyaya qaçan ata MTN-i İŞİD-ə himayədarlıq etməkdə günahlandırır. O, əməkdaşlıq etdiyi MTN işçilərinin xəbəri olduğu, arvadının polis nəzarətində olduğu bir vaxtda, bundan əlavə atanın ölkədən çıxarılmasına icazə vermədiyi halda 4 və 10 yaşlı qızlarının Dövlət Sərhəd Xidmətindən müəmmalı şəkildə necə keçməsinin araşdırılmasını tələb edir. Bundan başqa o, məhkəmənin qızların anasına verilməsi ilə bağlı çıxardığı qətnamənin aylarla ona verilmədiyini, 10 yaşlı qızının aylarla məktəbə getmədiyi halda məktəb direktorunun heç bir addım atmadığını da çübhəli məqam hesab edir. O, bütün sadaladığı qurumların bu məsələdə əlbir işlədiyini iddia edir.

Və bir az diqqətli olduqda bu hadisələrdən xəbərdar xəbərsiz qurumların biganəliyindənmi, bilərəkdənmi etdiklərinin corab söküyü kimi ard-arda süzüldüyünü görmək mümkündür…

Mövzunu diqqətdə saxlayacağıq…

MTN-ə İŞİD ittihamı  - VİDEO

MTN-ə İŞİD ittihamı  - VİDEO

MTN-ə İŞİD ittihamı  - VİDEO

İnterpress.az