Metroda baş verən terrordan 20 il ötürbackend

Metroda baş verən terrordan 20 il ötür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla əlaqədar «Ulduz» stansiyasında anım mərasimi keçirilib.

Tədbirdə metropolitençilərlə yanaşı, Yasamal rayon İcra Hakimiyyətinin, C.Naxçıvanski adına hərbi liseyin zabit-müəllim və müdavim heyətinin nümayəndələri, neçə-neçə insanı həyatı bahasına xilas edərək şücaət göstərmiş qəhrəmanların valideynləri və yaxınları, eləcə də həmin hadisələri unutmayan sərnişinlər iştirak ediblər.

O dəhşətli hadisə zamanı dünyasını dəyişmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, «Bakı Metropoliteni» QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev çıxış edərək bildirdi ki, itkilərinin sayına görə (289 nəfər həlak olub, 270 nəfər xəsarət alıb) dünya metropolitenləri tarixinin ən dəhşətli faciəsinin qurbanlarının xatirəsi daim ehtiramla yad edilir. Metropolitençilər hər il 28 oktyabr günündə Mill Qəhrəman Çingiz Babayevin «Ulduz» stansiyasındakı büstünü ziyarət edir, abidənin önünə təzə-tər gül-çiçək dəstələri düzürlər. Qəza zamanı insanların xilas edilməsində, təxliyəsində «Ulduz» stansiyasının, həmin sahədə təsərrüfatı olan xidmətlərin işçilərinin cəsarətli hərəkətlərini, təşəbbüskarlığını və çevikliyini vurğulayan N.Paşayev xüsusi qeyd etdi ki, hadisə yerində sərnişinlər arasında xüsusi fədakarlıq göstərənlər, öz köməyini təklif edənlər az olmayıb. Onlar arasında bir zabit və hərbi geyimli bir neçə yeniyetmə daha çox insanın nicat tapmasına çalışıblar. Həmin cavan zabit – Çingiz Babayev, hərbi geyimdə olanlar isə məktəbin kursantları – 15 yaşlı Nicat Səfərov, hələ 17 yaşı tamam olmamış Ruslan İsayevlə Samir Məmmədov da olublar. Hadisədən bir həftə sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə, ölümlərindən sonra, Çingiz Babayev Milli Qəhrəman adı, kursantlar Nicat Mürvət oğlu Səfərov, Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədova «İgidliyə görə» medalı ilə təltif olundular. Bildirildi ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayevin adını əbədiləşdirmək üçün metronun «Ulduz» stansiyası ilə yanaşı, C.Naxçıvanski adına hərbi liseydə büstü qoyulub, ali təhsil aldığı Azərbaycan Texniki Universitetinə və yaşadığı binaya xatirə lövhəsi vurulub.

O vaxtdan 20 il keçsə də, dolmuş gözlərində, titrəyən səsində, hər kəlməsində övlad həsrətinin kövrək notları hiss olunan qəhrəman oğulların ataları – Adil Babayevin və Nadir Məmmədovun xatirələri mərasimin ən təsirli anları oldu. Valideynlər metropolitençilərə, hərbi liseyin kollektivinə təşəkkürlərini ifadə edərək, hər kəsə övlad sarıdan muradına çatmağı, amma hər şeydən əvvəl bu torpağa, ölkəyə layiqli vətəndaşlar yetişdirməyi arzuladılar.

Hərəkət xidmətinin rəis müavini Erşad Musayev, qəzanın ilk dəqiqələrindən bütün baş verənlərin şahidi kimi hisslərini gizlədə bilməyən «Ulduz» stansiyasının rəisi Şaiq Heydərov həmin ağrılı-acılı anlarla bağlı xatirələrini bölüşdü və hadisə baş verdiyi an köməyə yetişənlərin çox olmadığı bir vaxtda sərnişinlərin rolunu xüsusi vurğuladı. C.Naxçıvanski adına hərbi liseyin bölük komandirinin siyasi-tərbiyə işləri üzrə müavini baş leytenant Çingiz Babayev və kursantlar bir vətəndaş, vicdanlı insan və zabit şərəfini uca tutan hərbçi kimi, qara tüstüyə bürünmüş vaqonun salonunu tərk etməyə çalışan insanlara kömək etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Zöhrab Cəfərov çıxışında həmin dövrün ab-havasına toxunaraq qeyd etdi ki, yenicə müstəqilliyini əldə etmiş, həmin ərəfədə yeni konstitusiya layihəsinin son müzakirələri gedən ölkə üçün bu hadisə bir sınaq oldu. Hadisə zamanı Azərbaycan əsgərinin Qabarağda döyüş meydanında deyil, adi həyatda da şücaətə qadir olduğunu nümayiş etdirməsi isə cəmiyyət üçün əsl qəhrəmanlıq nümunəsi idi.

İnterpress.az