“525-ci qəzet”in 17 oktyabr 2015-ci il tarixli sayında Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri şair Vaqif Quliyevin (Bəhmənli) şeirləri dərc edilib:
“Həmin şeirlərdən biri “Hamiya yaxşılıq” adlı şeir mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə həsr olunub. Şeir qəzetdə dərc edildikdən sonra müxtəlif saytlarda və sosial şəbəkələrdə geniş müzakirə edilib və ictimaiyyət tərəfindən müxtəlif səpkili münasibət bildirilib. Bu şeir təxminən 5-6 ay əvvəl Vaqif Quliyev tərəfindən yazılıb və görüşlərin birində nazirə göstərilib.
Lakin nazir Əbülfəs Qarayev şeirdə işlənən ifadələrdən o qədər də razı qalmamış, edilən təriflərə öz iradını bildirmiş və bu yazının bir daha üzə çıxarılmamasını və heç bir yerdə dərc edilməməsini tapşırıb. Lakin hadisənin üzərindən xeyli müddət keçdikdən sonra Vaqif Quliyevin Gənc Tamaşaçılar Teatrında keçirilən 60 illik yubiley mərasimi ərəfəsində şairin şeirlər toplusu ilə birlikdə bu şeir dərc edilmiş və yuxarıda qeyd etdiyimiz kimi müxtəlif müzakirələrə, bəzən qərəzli və emosional münasibətlərə səbəb olub.
Bu hadisə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən pislənib, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə əlaqə yaradılaraq bu üslubda şeirin qəzetdə dərc olunmasına dair irad bildirilib. Ümumimilikdə son günlər kütləvi informasiya vasitələrinin geniş müzakirəsinə səbəb olmuş bu fakt dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun gəlməyən hal kimi dəyərləndirilib və Nazirliyin əməkdaşının rəhbər şəxsə qarşı öz fikirlərini bu formada – yaradılcılıq nümunəsi vasitəsilə bildirməsi qəbuledilməz hal kimi dəyərləndirilir. Bu hadisə Vaqif Quliyevin dövlət qulluqçusu kimi öz vəzifələrinə uyğun gəlməyən bu yaradıcılıq nümunəsinin çap etdirməsi pislənmiş və bir daha təkrarlanmaması tapşırılıb.
Yuxarıda qeyd olunanlar nəzərə alınaraq mədəniyyət və turizm nazirinin 28 oktyabr 2015-ci il tarixli əmri ilə Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyevə töhmət elan olunub”.
İnterpress.az