Bunlar Axund Mirzə Axundzadə, Axund Mir Məmməd Kərim Mircəfərzadə, Axund Molla Ruhulla Axundovdur. Bu din xadimlərinin üçü də şərq ölkələrində təhsil almış və Bakının məscidlərində axundluq etmişdilər.
Axund Mirzə Axundzadə təhsilini Mədinədə almış və ərəb dilini mükəmməl dərəcədə bilirdi. Axund elmin, mədəniyyətin, inkişafın dostu mövhumatın, dini fanatizmin və cahilliyin düşməni idi.Axund zəncir vurmaq, şaxsey-vaxsey, şəbeh çıxarmaq kimi dinə aid olmayan ainlərə qarşı çıxır, əsərlərində və qəzetlərdə yazdığı məqalələrində hayqıraraq carçəkirdi. Axundun bu hərəkətləri gələcəyini xalqın cahilliyində, onun şüursuzluğunda görən qara mollaların ona qarşı fəaliyyət göstərməsinə səbəb olmuşdu. Axund qızını H.Z.Tağıyevin qızlar məktəbinə qoymuşdu. Bu hərəkəti maarifpərvərlər tərəfindən alqışlandığı kimi, qara mollaları daha da qızışdırmışdı. Həyatı dəfələrlə təhlükə qarşısında qalan axund Mərdəkandakı evində gizlənirdi. Axundun “Həyat” qəzetində dərc olunuş “Bizə hansı elmlər lazımdır” adlı məqaləsi böyük qalmaqala səbəb olmuşdur. Axund məqaləsində insanın daxili paklığının daha önəmli olduğunu irəli sürür bundan sonra sair elmlərin faydalı olacağını iddia edirdi.
Ömər Faik Nemanzadə, Molla Nəsrəddinçilər Axundun fikirlərinə qarşı gəlsələrdə Əli bəy Hüseyinzadə məsələyə fərqli yanaşırdı. O, da Axundzadənin fikirlərini dəstəkləyir insanın daxili paklığının önəmini vurğulayırdı. Əli bəy Hüseyinzadə ən sonda fikrini belə əsaslandırırdı “Nə haq din elmdən qorxar, nə də elm dinə düşməndir.İxtilaf bunların arasında deyildir”.
H.Z.Tağıyev Axundzadəyə xüsusi hörmət bəsləyirdi. Onun qara mollalardan fərqli olaraq xalqın evladlarının elm alması uğrunda mübarizəsi milyonçunun nəzərindən qaçmamışdır. Tağıyev ölərkən Axundzadənin məzarının ayaq tərəfində dəfn edilməsini vəsiyyət etmiş, öldükdən sonra axundun məzarının ayaq tərəfində dəfn edilmişdi.
Bakının ikinci üləması Axund Mir Məmməd Kərim idi. 17 yaşında Bağdada təhsil almağa gedir.Bakıya qayıtdıqdan sonra İçəri şəhərdəŞah məscidində axundluq edir. Axund Mir Məmməd Kərim eyni zamanda Bakının vilayət qazısı idi. Qurani Kərimin üç cild, hər cildi min səhifəyə yaxın olmaqla təfsirini yazmışdı və kitab H.Z.Tağıyevin pul köməyi ilə çap olunmuşdu. Din xadimlərinə qarşı məsafəli yanaşan Mollanəsrəddinçilərlə kitabın ikinci cildi çapdan çıxdıqdan sonra axund arasında bəzi narazılıqlar yaranmışdı. Bunun səbəbi axundun tərcümə etdiyi hissələrin birində açıq-saçıqlıq olmuşdur. (Açıq-saçıqlıq dedikdə indiki şeylər ağlımıza gəlməməlidir. Çünki həmin dövrdə bu gün bizim üçün adi olan şeylər bəzən həddən artıq açıq-saçıq ola bilirdi.) Axund Mir Məmməd Kərim eyni zamanda bir çox qəzetlərdə yazı da yazırdı. Məqalələrində cahilliyi, elmsizliyi, dini fanatizmi tənqid edir və dindaşlarını elmə və birliyə dəvət edirdi. 1910-1911 ci illərdə özlərini Nəcəf uşaqları adlandıran qardaşlar Bibiheybət məscidindən gələn gəlirləri şəxsi mənafeləri üçün xərcləyirdilər. Axund Mir Məmməd Kərim buna qarşı çıxaraq qardaşları şəhər bələdiyyəsinə şikayət etsə də heç bir faydası olmamışdı. Axund Mir Məmməd Kərim Misirli yazıçı Zeydanın “Ərmənusa”, “Üzərayi Qüreyş”, “On Yeddi Ramazan” və “Kərbəla Yanğısı” kitablarını Azərbaycan dilinə tərcümə edir. Axund eyni zamanda 1913-cü ildə çap olunmuş “Səlib müharibəsi”tarixi əsərinin müəllifidir. Axund 1938-ci ildə repressiyanın qurbanı olmuşdur.
Elmin yayılması, qadınların cəmiyyətdəki rolu uğrunda mübarizə aparan din xadimlərimizdən biri də Axund Molla Ruhulla Axundovdur. Novxanıda anadan olan Molla Ruhulla təhsil almaq üçün Qəzvinə gedir. Geri qayıtdıqdan sonra əvvəlcə Novxanı da sonra isə Bakıda Hacı İmaməli məscidində molla işləyir. Eyni zamanda rus-müsəlman məktəbində şəriət dərsləri verir. Molla Ruhulla din pərdəsi altında xalqın dərisini soyan qara mollalarla həyatının sonuna qədər mübarizə aparmışdı. Köhnə dumanın binasında təşkil olunan mərasim zamanı: “Milləti bu hala salanlar dəxi biz olmuşuq. Bir para mollalar olubdur” demişdi. Molla Ruhulla “Həyat”,”Tərəqqi”, “İşıq”, “Günəş”, “Füyuzat”, “Debistan” qəzetlərində Məmmədzadə imzası ilə məqalələr yazırdı.
Günəş qəzetində “Axundların xidməti” məqaləsində yazırdı:
– Qeyrət budurmu xalqlar sənin torpağını arayıb faydalar götürsün, sənin çırağın ilə işıqlansın, amma sən zülmətdə otur, acından öl. Bunun axırı nədir? Dinə də zəəf(zərər) gəlir, dünyaya da. Quru dindarlıq fayda verməz, para(pul) gətirməz. Parasız da iş getməz. Şəhərlərdə məscidlər dolusu fəqirlər quru dindarlıq edənlərdir. Bu gün bu fəqirliyin bəlasından bütün məmaliki islamiyyə fəlakətə düşmüşdür.”
İrşad qəzetinin 134-cü sayında “Halımıza dair” adlı yazısında fikrini davam etdirərək yazırdı:
– Hamıya məlumdur ki, nə qədər maarifin çıraqları sönübsə cəhalət çoxalır, cəhalət çoxalırsa səfil millət o qədər zillət və zəlalətə səbəb olur. Bu dünyada bundan daha alçaq, dəni insan bulunarmı ki, əbnay növünü deyil, öz qardaşını, evladını bu səfalətdə, cəhalətdəmülahizə edib, mükatib qapılarını mıxladıb, maarif məşəllərini torpaqlasın, fəqir və bi pəristar millətin halı günbəgün pərişanlığa üz qoymasına bais olsun. Qeyrət qardaşlar, qeyrət. Allah eşqinə bir az qeyrət. O səfalı vəpak yaradılmış qəlbinizi alçaq və dəni qərəzlərlə məşğul edib, binəva millətin yetim balalarını cəhalət oduna yaxmayın.”
Bakıda qara mollalara, bir işə yaramayan qoçulara qarşı mübarizəsi onun həyatı bahasına başa gəlmişdi. Molla Ruhulla namaz üstə olarkən Novxanılı qoçu Məşədi Hacı oğlunun adamları tərəfindən öldürülmüşdür.
Molla Ruhullanın öldürülməsi cəmiyyətdə ciddi səs küyə və narazıçılığa səbəb olmuşdu. Hüseyin Minasazov “Kaspi”qəzetində axundun öldürülməsi ilə əlaqəli yazırdı:
– Molla Ruhulla xeyirxahlıq və həqiqətin dönməz və cəsur müdafiəçisi idi. Ruhani ata, publisist və müəllim idi…
Məmməd Əmin Rəsulzadə isə Molla Ruhulla haqqında belə yazırdı:
– Zənn etmə ki, sənin maarif yolunda etdiklərinin həpsi (hamısı) əfsanədir. Xeyr olmaz. Sənin hər bir kəlimələrinin ədədincə millət balaları söylədiyin o rahi həqiqəti tutacaq, istiqbalda sənin üçün qanlı yaşlar tökərək ruhunu şad etməyə çalışacaqlar.
Ruhanilərə, din xadimlərinə qarşı hər zaman amansız olan “Molla Nəsrəddin” jurnalı Molla Ruhullanın qətlə yetirilməsinə təəssüflənir və yazırdı:
– Gərək güman olunmayaydı ki, yer üzündə elə bir alçaq adam tapıla bilər ki, 55 yaşında möhtərəm bir alimi namaz üstə qətlə yetirməyi rəva bilə. Bəli tapıldı belə bir adam və Axund Ruhullanı güllə ilə öldürdü. Ruzunamələrdə axundun xalq üçün nə qədər çalışdığını oxuyub nəhayət dərəcədə qəmgin olduq.
Ə.Haqverdiyev isə bu faciəni belə dəyərləndirirdi:
– Hacı Molla Ruhulla bir nur idi ki, zülmət içində bizim əlimizə düşmüşdü. Heyf səd heyf ki, o nuru biz saxlaya bilmədik, o nur əlimizdən getdi.
Abdulla Şaiq isə axundun qətlini şeri ilə fəryad çəkirdi:
O şanlı namınız aləmdə ölməyib, qalacaq,
O qatilin adı lənətlər ilə yad ediləcək.
Son olaraq demək istəyirəm ki, indi xalqımız əvvəlki cəhalət bataqlığından şükr olsun ki, xilas ola bilib. Amma təəssüflər olsun ki, başqa bir bataqlığın içində çabalayırıq. Muradımız budur ki, əli qələm, dili söz tutan vətən evladları haqqı və həqiqəti hər tərəfə çatdıracaqlar. Həqiqi maarif və elmi bizlərə və gələcək nəsillərə töhfə edəcəklər.
Vüsal Namiqoğlu
İnterpress.az