Elşad Abdullayevin əvəzinə qardaşını həbs edəcəklər?backend

Elşad Abdullayevin əvəzinə qardaşını həbs edəcəklər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin qardaşı prokurorluqdan işdən qovulub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun daha öncəki açıqlamasına görə, Zakir Qaralovun müvafiq əmri ilə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Elsevər Abdullayev xidməti və icra intizamının kobud pozuntusu hallarına yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.

Respublika Prokurorluğunun məlumatında da qeyd edilib ki, Elsevər Abdullayev Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru vəzifəsində işlədiyi müddətdə dəfələrlə əmək, xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə görə barəsində intizam tənbehi tədbirləri tətbiq edilib. Bundan başqa, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsi üzrə vəzifə bölgüsünə dair sərəncamla konkret rayon prokurorluqlarında istintaq edilən cinayət işlərinə və araşdırma materiallarına prokuror nəzarətinin həyata keçirilməsi həvalə olunmuş Elsevər Abdullayev xidməti və icra intizamının kobud surətdə pozulması hallarına yol verdiyi üçün idarə rəhbərliyi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bundan nəticə çıxarmayıb. Eyni zamanda o, öz işini Baş Prokurorluq üzrə “Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin səmərəliliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında” əmrin tələblərinə uyğun qurmayıb.

Göründüyü kimi, ortada ciddi ittihamlar var. “Yeni Müsavat”a daxil olan məlumata görə, bu hadisə təkcə E.Abdullayevin işdən çıxarılması ilə yekunlaşmayacaq. Hakimiyyət bu ailə ilə olan haqq-hesabı çürütmək niyyətindədir. Fransada mühacir həyatı yaşayan sabiq rektoru həbs edə bilməyən hüquq-mühafizə orqanları hədəf olaraq onun qardaşını götürüblər. Xüsusən də prokurorluğun 28 oktyabr bəyanatındakı ittihamlar sıradan görünmür. Bunların həbslə yekunlaşacağı da bu baxımdan istisna deyil.

“Yeni Müsavat” xatırladır ki, Elşad Abdullayev də son günlər qohumlarına qarşı hücumların artdığını açıqlayıb. Bu hücumlardan biri kimi onlardan E.Abdullayevdən imtina etmələrinin tələb olunması da ilginc detaldır. Bugünlərdə ciddi islahatlara başlayan, təmizləmə əməliyyatı keçirən hakimiyyətin keçmişdən qalan haqq-hesabları çürüdəcəyi də bu baxımdan gözləniləndir.

Daha bir maraqlı məqam isə 2013-cü ilin iyulunda Elsevər Abdullayevin şahid kimi ifadə verdiyi Ağır Cinayətlər Məhkəməsində dedikləridir. Həmin vaxt iş adamı Arzu Kazımovun məhkəməsinə qatılan Elsevər Abdullayev qardaşının itkin düşməsi ilə bağlı adlar açıqlamış, yüksək çinli məmurların bu məsələ ilə bağlı onlara dediyi fikirləri ifadəsində üzə çıxarmışdı. Bu, həmin vaxt da hakimiyyətdə ciddi narazılıq doğurmuşdu.

Elsəvər Abdullayev də digər qardaşı kimi Arzu Kazımovu Rövşanə adlı bir xanımın vasitəsilə tanıdıqlarını deyərək, Mahirin tapılması müqabilində Zahid Dünyamalıyevə çatdırılması üçün Kazımova pul verdiklərini iddia etmişdi. Ümumilikdə 3 milyon verildiyini deyən şahid pulun müəyyən hissəsinin onun yanında verildiyini qeyd etmişdi: “Arzunun Qız Qalasının yanında üzərində heç bir yazılmayan və içərisi türmə otaqlarına oxşayan ofisi var. Qapısında qoluzorlular dayanırdı. Mən 25 ildir prokurorluqda işləyirəm və dəfələrlə adam oğurluğu ilə bağlı işlərdə dövlət ittihamçısı olmuşam. Bu adamları görəndə nə qədər təhlükəli bir oyun olduğunu anladım və bildim ki, mütəşəkkil dəstə fəaliyyət göstərir. Buna görə də qorxumuzdan səsimizi çıxarmırdıq”.

İnterpress.az